Büdcə regionların “yükündən” azad oldu: İnkişafa keçid başlayır 

Büdcə regionların “yükündən” azad oldu: İnkişafa keçid başlayır 

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bu günə qədər 4 dövlət proqramı həyata keçirilib. 

Hazırda 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur. Buna qədər isə regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları həyata keçirilib. Statistik məlumatlara görə, icra olunan dövlət proqramlarının nəticələri müsbətdir. Yəni rəqəmlər görülən işin nəticə verdiyini deməyə əsas yaradır. 

Onu da əlavə edək ki, proqram artıq yekunlaşmaq üzrədir və növbəti 4 il üçün yeni proqramın hazırlanması prosesi gedir. Statistik rəqəmlərlə real mənzərə hər zaman müzakirə mövzusu olub. Mütəxəssislər hesab edirlər ki, statistik rəqəmlər reallığı tam ifadə etmir. Bütün bunlara baxmayaraq, icra olunan dövlət proqramlarının nəticələrini qənaətbəxş hesab etmək olar. Bunu 2024-cü il üzrə dövlət büdcə zərfində nəzərdə tutulan rayonlara dotasiyaların ayrılması ilə bağlı məsələdə bunu açıq şəkildə görmək mümkündür.

Belə ki, 2024-cü ilin büdcə layihəsində mərkəzləşdirlmiş qaydada dotasiya alacaq rayonların sayı minimuma endirilib. Gələn il yalnız Yardımlı rayonu və işğaldan azad olunmuş bölgələr büdcədən dotasiya alacaq. Qalan rayonlar isə gələn il büdcədən dotasiya almayacaq. Bu isə yeni mərhələnin – rayon və şəhərlərin özünümaliyyələşdirmə dövrünə keçid prosesinin başlaması anlamına gəlir. Xatırlatma üçün qeyd edək ki, ötən il-2022-ci ildə 14 rayona dotasiya ayrılmışdı. 2023-cü ildə isə Lerik və Yardımlı işğaldan azad olunan rayonlarla birgə dövlət büdcəsindən dotasiya almışdı. 

Rayonların dotasiyasız qalmasına münasibət bildirən deputat Vüqar Bayramov deyir ki, 2023-cü ildə büdcədən dəstək olan Lerik rayonu 2024-cü ildə öz gəlirləri hesabına dolanmalı olacaq: 

“Bu, o deməkdir ki, 59 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənizmləmək üçün mərkəzləşdirilmiş qaydada vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Qeyd edək ki, dövlət büdcəsindən 2022-ci ildə 14 rayona vəsait ayrılmışdı. Göründüyü kimi, son illər dövlət büdcəsindən pul alan rayonların sayı azalır”. 

Görünən odur ki, artıq rayonlar öz hesabına “dolacaq”. Bu, regionların sosial-iqtisadi baxımdan inkişafının əsas göstəricilərindən biridir. Digər tərəfdən, regionlarda əsas problem hesab olunan işsizlik məsələsi mərhələləri şəkildə öz həllini tapmalıdır. Bu, regionların inkişafı baxımından əsas göstəricilərdən biri hesab olunur. 

Hazırda dövlətin prioritetlərindən biri iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və regionlarla paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Regionlara daha çox sərmayə cəlbinin təşviq edilməsi zərurətdir. Bütün bu və digər məqamların 2024-2028-ci il üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında öz əksini tapması gözlənilir.

Sonrakı mərhələdə regionların dövlət büdcəsinin formalaşmasında və xarici ticarətdə pay sahibi olması məsələsinin həllinə nail olmaq hədəfi qoyulmalıdır. Hazırda bu məsələdə də ciddi problemlər mövcuddur. Məsələn, son 20 ildə büdcənin formalaşmasında 90-91, xarici ticarətdə isə 90-92 faiz Bakı və Abşeronun payına düşür. Regionların isə büdcənin formalaşmasında payı yox dərəcəsindədir.

“Regionların inkişafı ilə bağlı kriteriyalar müəyyənləşəndə bütün proqramlarda yazılmışdı ki, regionların sosial-iqtisadi inkişafı xarici ticarətdə onların rolu və büdcənin formalaşmasında onların payının artması ilə müşahidə olunacaq. Amma təəssüf ki, statistik göstəricilər bunu deməyə əsas verir”, - deyə iqtisadçı-ekspert Natiq Cəfərli bu məsələ ilə bağlı Cebhe.info-ya danışarkən deyib. 

Belə demək mümkündürsə, büdcə artıq regionları dolandırmaq yükündən azad oldu. İndi inkişaf mərhələsinə qədər qoymaq lazımdır. İnkişaf isə gözlə görünəcək səviyyədə olmalıdır ki, bir çox problemlər də həll olunsun. Regionların sosial-iqtisadi inkişafı ilk növbədə kənd təsərrüfatı məhsullarının istehsalında artıma, o cümlədən rayonlardan paytaxta iş üçün axın edənlərin sayının azalmasına və işsizlik probleminin həllinə səbəb olacaq.

Bu istiqamətdə müsbət nəticələr əldə edilərsə, regionların həm dövlət büdcəsinin formalaşmasında, həm də xarici ticarətdə payı ciddi dərəcədə artacaq. Yəni əvvəl dövlət büdcəsindən dotasiya alıb “ayaqda” duranlar indi dövlət büdcəsinin gəlirlərinin artmasında rol alacaqlar. Bu, isə inkişafın göstəricisi olacaq. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 

Vilayət Muxtar 
Cebhe.info