Dünyaya inteqrasiya: Ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Dünyaya inteqrasiya: Ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İSTİQAMƏT: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dünya birliyinə inteqrasiya hər bir ölkə üçün bir növ inkişaf göstəricisi hesab olunur.

Bu baxımdan ölkələr region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Amma bu məsələdə əsas məqam milli və dövlət maraqlarının qorunmasıdır. Azərbaycan bu istiqamətdə düzgün xətt tutub və bütün əməkdaşlıqları milli və dövlət maraqları kontekstində davam etdirir.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq baxımından Azərbaycanın tutduğu yol ciddi uğurlarla müşahidə olunur. Bunun ən bariz nümunəsi isə Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etməsidir.

Qeyd edək ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük ikinci beynəlxalq təşkilatdır. Azərbaycan eyni zamanda, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların da üzvüdür. Onu da əlavə edək ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddəti bitdikdən sonra üzv dövlətlərin təklifi ilə daha bir dönəm üçün uzadılıb.

Regional əməkdaşlıqlar da Azərbaycan üçün ən yaxşı səviyyədədir. Məlumdur ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdək sonra bölgədə vahid güc olduğunu təsdiqlədi. Eyni zamanda 44 günlük Vətən müharibəsindən qazanılan tarixi qələbə regionda yeni reallıqlar yaratdı. Artıq regionda tək söz sahibi Azərbaycandır və bütün beynəlxalq layihələrdə diqtə edən tərəfdir.

Bu gün bir çox ölkələr, təşkilatlar Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu açıq şəkildə bəyan edirlər. Bu isə Azərbaycanın bölgədəki və dünyadakı gücünün göstəricisidir. Azərbaycan “Beynəlxalq Telekommunikasiya İttifaqı”, “Ümumdünya Poçt İttifaqı”, “Regional Rabitə Birliyi”, “Avropa İttifaqı”, “Rəqəmli bazarların harmonizasiyası”, “İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Beynəlxalq Nəqliyyat Forumu”, “Elm və Texnologiyalar üzrə Komitə”, “İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi”, “Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı” və digər bir çox beynəlxalaq təşəkilatlarla layihələrdə əməkdaşlıq edir.

Bütün bunların fonunda bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlardan yanaşması münasibətlərə təsir göstərir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyəti ilə bağlı son mövqeyi beynəlxalq dünyada olan qərəzin, ikili standartların göstəricisidir.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışlarının birində vurğulamışdı ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.

Bu gün beynəlxalq təşkilatların hüquqdan yayınaraq hansısa maraqlara xidmət etdiyi görünür. Bu isə uzun illərdir Qərb dünyasının beyinlərə yeritdiyi sivil dünya, hüquqi alilik və demokratik cəmiyyət tezislərinin yalnız təzyiq riçaqları kimi istifadə olunduğunu göstərir.

Amma bu fonda dünya ölkələrinin Azərbaycanla əməkdaşlıqda maraqlı tərəf olduqlarını dilə gətirməsini müsbət hall kimi qiymətləndirmək lazımdır. Bunun səbəbi də əslində aydındır. Dünya dövlətləri başa düşür ki, Cənubi Qafqazda var olmaq Azərbaycanla əməkdaşlıqdan asılıdır. 

Region ölkələri üçün də Azərbaycan ən uğurlu tərəfdaşdır. Regionun bütün parametrlərdə ən güclü ölkəsi olan Azərbaycanın qonşu ölkələrə münasibətdə apardığı siyasət bu gün də davam etdirilir. Bölgədə söz sahibi olan Azərbaycanın region ölkələri üçün təklif etdiyi beynəlxalq layihələr onların hər biri üçün ciddi maliyyə dayaqları deməkdir. Yəni həm dünya, həm də region ölkələri yaxşı başa düşür ki, Azərbaycanın iştirakı olmadan isə heç bir beynəlxalq layihənin isə icrası mümkün deyil. 

Son olaraq onu da qeyd edək ki, Azərbaycan BMT, Qoşulmama Hərəkatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), GUAM, Avropa Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT), AYİB, BVF, İslam Ölkələrinin İƏT, Qara Dəniz İƏT, Dünya Bankı, ÜTT, ÜST kimi beynəlxalq təşkilatlarla üzv və müahidəçi qismində əməkdaşlıq edir.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebhe.info”