Regionların sosial-iqtisadi inkişafı: “İcra başçıları istitutu artıq effekt vermir”
İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Qeyri-neft sektorunun inkişafında əsas pay regionların payına düşməlidir.
Çünki kənd-təsərrüfatı məhsullarının istehsalında regionların iştirakı daha çoxdur. Amma hazırda mənzərə bir qədər fərqlidir. İstehsal sahələrinin paytaxta yaxın ərazilərdə yerləşməsi bu məsələdə regionların payını azaldır. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafı dayanıqlı iqtisadiyyat üçün vacib amildir, bu məsələdə müəyyən çatışmazlıqların olduğunu demək olar.
Məsələ ondadır ki, regionların sosial-iqtisadi inkişafı üçün dövlət tərəfindən lazımı qərarlar verilib, proqramlar icra olunub. Rəsmi rəqəmlərə görə, icra olunan dövlət proqramlarının müsbət nəticələri də var.
Xatırladaq ki, hazırda 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur. Onu da əlavə edək ki, proqram artıq yekunlaşmaq üzrədir və növbəti 4 il üçün yeni proqramın hazırlanması prosesi gedir. Buna qədər isə regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları həyata keçirilib. Statistik məlumatlara görə, icra olunan dövlət proqramlarının nəticələri müsbətdir. Yəni rəqəmlər görülən işin nəticə verdiyini deməyə əsas yaradır.
Məsələn, rəsmi rəqəmlərə görə, icra olunan dövlət proqramlarından sonra ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Ötən ildə də qeyri-neft sektorunda üDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub.
Rəsmi rəqəmlərə istinad etsək, ümumi mənzərəni müsbət qiymətləndirmək olar. Amma hələ də regionlarda işsizlik problemi qalmaqdadır. Yenə də iş üçün hər il minlərlə insan regionlardan paytaxta üz tutur. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün dövlət hər ilə milyardla vəsait xərcləyir.
Məsələn, 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü (hazırda icra olunan-müəll.) dövlət proqramının icrasına 7,2 milyard manat vəsait yönəldilib. Yəni dövlət üzərinə düşəni edir, rəsmi statistik rəqəmlər də müsbətdir, amma ümumi mənzərə, işsizlik, istehsal sahələrinin olmaması, o cümlədən kənd-təsərrüfatı mallarının hələ də idxal hesabına təmin edilməsi kimi məsələlər regionların iqtisadiyyatdakı payını ciddi şəkildə azaldır. Bu məsələdə isə yerli məmurların “xidməti” böyükdür. Yerlərdə məmurların yol verdiyi özbaşnalıq, qeyri-bərabər biznes mühitinə dəstək verməsi regionlarda sosial-iqtisadi inkişafına mane olan əsas məqamların biridir.
Prezident İlham Əliyev də regionların sosial-iqtisadi inkişafı ilə bağlı danışarkən bu məqamı xüsusi olaraq toxunaraq məmurlara xəbərdarlıq etmişdi.
“Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Sahibkarlara çox böyük imkanlar yaradılıb, ona görə də onlardan tələb olunan odur ki, dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər”,-deyə Prezident İlham Əliyev Regionların "2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilən konfransda vurğulamışdı.
Göründüyü kimi, dövlət üzərinə düşən hər şeyi edir, amma bəzi məmurların şəxsi maraqları regionların sosial-iqtisadi inkişafının qarşısını alır. Bu isə yekunda region əhalisinin işsizliyinin artmasına, qeyri-neft sektorunun inkişafının ləngiməsinə, o cümlədən dövlətin xərclədiyi milyardların effektiv nəticə verməməsinə səbəb olur.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, milyardlarla vəsait xərclənməsinə baxmayaraq, statistik rəqəmlərlə də bu proqramların əllə tutulacaq bir yeri yoxdur:
“Çünki nə xarici ticarətdə, nə büdcənin formalaşmasında faiz nisbətində regionların payı artmır. Son 20 ildə büdcənin formalaşmasında 90-91, xarici ticarətdə isə 90-92 faiz arası Bakı və Abşeronun payı var. Regionların inkişafı ilə bağlı kriteriyalar müəyyənləşəndə bütün proqramlarda yazılmışdı ki, regionların sosial-iqtisadi inkişafı xarici ticarətdə onların rolu və büdcənin formalaşmasında onların payının artması ilə müşahidə olunacaq. Amma təəssüf ki, statistik göstəricilər bunu deməyə əsas verir”.
N.Cəfərli qeyd edib ki, əgər 3-4 proqram icra olunandan sonra da vəziyyət dəyişmirsə, bu, artıq idarəetmə problemidir:
“Yəni icra başçıları istitutu artıq effekt vermir. Bu da açıq görünür. Ona görə də artıq bu idarəetmə sisteminin özündə bir dəyişikliyə gedilməsinə ehtiyac yaranıb. Bundan sonra yerli özünüidarəetmə, bələdiyyə institutları vasitəsilə regionların inkişafında yeni bir səhifə açılsın. Hətta nə qədər qəribə səslənsə də, bunun örnəkləri də var. Məsələn, Çin 2000-ci illərin əvvəllərində eyni vəziyyətlə qarşılaşdı. Gördülər ki, Pekin, Şanxay və Xuan Ju istisna olmaqla degər şəhərlər iqtisadiyyata xeyir verə bilmir, onlar məcbur olub idarəetmə formasını dəyişdilər, bələdiyyələrə bənzər yerli özünüidarəetmə formasına keçdilər.
Bununla da digər regionlarda da ciddi inkişaf başladı. Yəni bu artıq iqtisadi məsələ deyil, idarəetmə formasından yaranmış problemlərdir. Ölkə Prezidenti də, deputatlar da, məmurlar da dəfələrlə bununla bağlı tənqidi fikirlər söyləyib ki, icra hakimiyyətləri artıq institutsianal olaraq qarşısına qoyulan vəzifələrə çatmağı yetərli deyil. Yəni birinci addım olaraq idarəetmə formasının dəyişməsindən başlamaq lazımdır”.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info