Azərbaycanda ekoloji siyasət: “Öz müsbət nəticəsini verir”- Nazirin müşaviri

Azərbaycanda ekoloji siyasət: “Öz müsbət nəticəsini verir”- Nazirin müşaviri

5 iyun ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

5 iyun 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri müzakirə olunub. Elə həmin gün 5 iyun tarixinin ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib.

Ətraf mühitin mühafizəsi Azərbaycanda dövlət siyasətidir və məsələ ən yüksək səviyyədə diqqətdədir. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə çox mühüm addımlar atılıır.

Azərbaycanda 2010-cu ildə, yəni "Ekologiya İli"ndə bütün ölkə üzrə 14 milyon ağac əkilməsi və onlarla yeni parkların salınması bu addımlardan sadəcə biridir.

Həmçinin, Qarabağ işğaldan azad edildikdən sonra aparılan quruculuq işlərinin yanında yaşıllaşdırma, balıq körpələrinin hövzələrə buraxılması da xüsusi yer tutur.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Cebhe.info-ya açıqlamasında bildirib ki, ekoloji siyasəti bütün ölkə ərazisini əhatə edir:

"Sözsüz ki, işğaldan azad olunmuş ərazilərə də xüsusi diqqət ayırırıq. Bizim üçün həm oradakı ekosistemlərə son 30 ildəki münasibət və təbii resurslarla bağlı olan problemlərin həlli, həm də vəziyyətin araşdırılması və bu istiqamətdə bərpa işlərinin həyata keçirilməsi prioritetdir. O cümlədən, çalışmalarımız işğaldan azad olunmuş ərazilərdəki bütün neqativ halların aradan qaldırılmasına və əvvəlki vəziyyətə gətirilməsinə yönəlib.

Qarabağda meşə və yaşıllıq ərazilərinin artırılması, ekoloji monitorinq və hidrometeoroloji müşahidə sisteminin bərpası və müasirləşdirilməsi istiqamətində çalışmalar aparılır. Həmçinin, biomüxtəlifliyə dəymiş ziyanın aradan qaldırılması və onun dirçəldilməsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası, flora və faunanın mühafizəsi, fauna növlərinin yenidən ora buraxılması, habelə balıqların həmin ərazilərdəki su hövzələrində artırılması istiqamətində də tədbirlər görülür. Düşünürəm ki, bu sahənin prioritet seçilməsi yaxın zamanda həmin ərazilərdə ekoloji bərpa prosesinin gözəçarpan olacağına gətirib çıxaracaq".

Həmsöhbətimiz vurğulayıb ki, ölkədə Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir:

"Buraya qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif strateji proqramlar çərçivəsində fəaliyyətin təşkili və ətraf mühit komponentlərinin çirklənməsinin qarşısının alıması və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətindəki tədbirlər daxildir. Su ehtiyatlarının idarəolunmasının təkmilləşdirilməsi, tullantıların idarəolunması, biomüxtəlifliyin mühafizəsi, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır.

Həmçinin, avtonəqliyyat vasitələrinin tullantılarının azaldılması da əsas prioritet məsələlərdən biridir. Bununla bağlı da ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması ilə bağlı da çalışmalar aparılır. ümid edirik ki, bütün bu məqsədyönlü fəaliyyət öz müsbət nəticəsini göstərəck".

Elmir Mustafa
Cebhe.info