Azərbaycanda ilk: Bələdiyyə elə bir işə imza atdı ki...
Azərbaycan bələdiyyəçilik tarixində ilk dəfə olaraq Füzuli rayonunun Kərimbəyli kənd bələdiyyəsi öz ərazisindəki infrastruktur problemlərini müstəqil şəkildə araşdıraraq yerli sosial proqram hazırlayıb və həmin proqramı rəsmi bələdiyyə qərarı ilə təsdiq edib.
Belə ki, Kərimbəyli kənd bələdiyyəsi yol infrastrukturunu özü qiymətləndirərək dövlət proqramlarının nümunəsi əsasında sosial proqram hazırlayıb və onun icrasına başlayıb.
Toplanmış məlumatlar əsasında müasir tələblərə uyğun, ən yeni dövlət proqramlarının strukturu nümunə götürülərək yerli sosial proqram hazırlanmışdır. Bu proqram bələdiyyə iclasında müzakirə edilərək qəbul olunmuş və bələdiyyə qərarı ilə rəsmi qüvvəyə minib. Proqramın birbaşa rəhbəri bələdiyyə sədridir.
Proqramın hazırlanması ideyası Qarabağ regional ədliyyə idarəsinin keçirdiyi təlimlərin təhlili nəticəsində formalaşıb, həmçinin həmin qurumun metodoloji dəstəyindən istifadə olunub.
Bəs yerli sosial proqramın əsas məqsəd və vəzifələri nədən ibarətdir?
“Cebheinfo.az”-a açıqlamasında Kərimbəyli bələdiyyə sədri İlahə Cəfərova bildirib ki, sosial proqramın əsas məqsədi kənd infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahatlığının təmin edilməsidir.
O, sosial proqramın uğurla icra olunduğunu və davam etdiriləcəyini qeyd edib:
“Biz kənd yollarının bərpası, çəkilməsi və təmiri ilə bağlı sosial proqram qəbul etmişik. Artıq proqram çərçivəsində nəzərdə tutulan işlərin bir hissəsini həyata keçirmişik. Kərimbəyli kəndində yol çəkilişi və hamarlama işləri aparılıb. Hazırda yalnız Yağlıbənd kəndində görüləcək işlər qalıb və onları da payız mövsümündə icra etməyi planlaşdırırıq".
Proqramın əsas məqsədi infrastrukturun yaxşılaşdırılması, kənd sakinlərinin gediş-gəlişinin asanlaşdırılması və onların rahatlığının təmin edilməsidir:"İstəyirik ki, uşaqlar məktəbə rahat gedib-gəlsin, yaşlı insanlar və digər sakinlər kənd yollarından maneəsiz istifadə edə bilsinlər. Məhz bu məqsədlə sosial proqramı ilk olaraq bizim bələdiyyə qəbul edib. Sevindirici haldır ki, proqram uğurla icra olunur və gələcəkdə də davam etdiriləcək”.
Bələdiyyə sədrinin sözlərinə görə, bu sosial proqram bələdiyyələr arasında ilk təşəbbüsdür:
“Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun regionumuza təyin olunmasından sonra bələdiyyələrin fəaliyyəti daha da təkmilləşib. Hesab edirəm ki, bizim bələdiyyələr ölkədə öncül yerlərdən birini tutur.
Sənədləşmə işlərinin dünya standartlarına uyğun aparılması baxımından Qarabağ regional bələdiyyələri nümunə göstərilə bilər. Fariz Şirinov mütəmadi olaraq seminarlar təşkil edir, tövsiyələr verir və təkliflər göndərir. Biz də operativ şəkildə işləyirik. Yəni işlərimizi müasir standartlara uyğun qurmuşuq”.
İlahə Cəfərova vurğulayıb ki, Azərbaycanda qadın bələdiyyə sədrləri az olsa da, bu iş qadınlar üçün çətin deyil və insanlara kömək etmək mənəvi zövq verir:
“Azərbaycanda qadın bələdiyyə sədrləri var, lakin onların sayı çox deyil. Bir çoxları qadın üçün bələdiyyə sədri olmağı çətin iş hesab edir. Mən isə bunun əksini düşünürəm. İnsanlarla işləmək, onların problemlərinin həllinə kömək etmək çox gözəl hissdir və insana böyük mənəvi zövq verir. Düşünürəm ki, qadın üçün bələdiyyə sədri olmaq çətin deyil. Biz işimizi sevərək və zövqlə görürük”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

