Azərbaycanda yayılan xəstəlik nədir? - Həkim açıqladı

Azərbaycanda yayılan xəstəlik nədir? - Həkim açıqladı

“Son günlərdə uşaqlar arasında rotavirus infeksiyası geniş yayılıb”.

Bu sözləri məşhur pediatr Aytən İsmayılzadə “Cebheinfo.az”-ya açıqlamasında deyib. O bildirib ki, bu virus qusma, ishal və temperaturun yüksəlməsi kimi siptomplarla özünü göstərir:

“Rotavirus fekal-oral yolla yayılır. 

Yəni bağçada, məktəbdə və ya evdə bir uşaqda bu virus varsa, digərlərinə də keçə bilər. Ümumiyyətlə, rotavirus hava-damcı yolu ilə yayılmır. Bu virusa yoluxan uşaqların temperatur yüksəlir, amma çox yüksək həddə çatmır. Uşağın qızdırmasının yüksəlməsi 2-3 gün davam edir. Daha körpə uşaqlara təhlükə yarada bilən hal isə qusma və ishaldır. Ona görə də uşağın bədənini susuzlaşdırmayacaq tədbirlər görülməlidir”. 

Həkim qeyd edib ki, xüsusilə yay aylarında olduğunuzu nəzərə almalıyıq: 

“Bu səbəbdən uşaqlara az da olsa, tez-tez maye verilməlidir. Bu virusa yoluxan uşaqlar da mütəmadi şəkildə su içməlidirlər. Amma qusma olarkən mayeni qəbul etmələri çətinləşəcək. Bu zaman qusma əleyhinə dərman ata bilərlər. Çünki bədəndə itirilən maye və duz-su balansı bərpa olunmalıdır. Buna uyğun da müalicələr aparılmalıdır”. 

Aytən İsmayılzadə valideynlərə məsləhətlər verib:

“Valideynlər rotavirusa yoluxan uşağa ilk saatlarda yemək verməsinlər. Çünki həmin anda qida qəbulu mədə-bağırsağa qıcıqlandırıcı təsir göstərir. Bu isə qusmaya səbəb olur. Sonrakı günlərdə pəhriz formasında yemək vermək lazımdır. Amma uşaqlar mədəni qıcıqlandıracaq qidalardan uzaq durmalıdırlar. Xüsusilə həmin ərəfədə uşaqlara turş meyvələr, qarpız, dondurma və ya şirniyyat vermək olmaz. Həmçinin, qatıq, ayran, bulyon və s. qusmanı təkrarlada bilər”. 

Mütəxəssis onu da vurğulayıb ki, rotavirusa yoluxan uşaq 1 həftə ərzində qarın ağrılarından və ürəkbulanmadan şikayət edə bilər: 

“Bu, xəstəlikdən sonrakı dövrdür və bərpa prosesi gedir. Ona görə də bu dövrdə pəhriz rejiminə əməl olunmalıdır. Həmin günlərdə övladınıza yarmalar, düyü, yulaf, qarabaşaq və kartof kimi qidalar verə bilərsiniz. Bundan başqa, uşağın ümumi əhvalına uyğun davranılmalıdır. 

Məsələn, əgər uşaq halsızdırsa, onu bağlı məkanlara apararaq enerjisini tükətmək olmaz. Həmçinin, rotavirusa yoluxan uşağı dənizə də aparmayın. 

Çünki orada xəstəliyi başqa uşaqlara keçirə, habelə günvurma ola və dənizdən infeksiyaya yoluxa bilər. Bu isə uşağın xəstəliyini daha da ağırlaşdırar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”