İt dişləməsindən vəfat edən 11 yaşlı qızın atası: “550 manata dərman alıb gələndə gördüm ki...” 

İt dişləməsindən vəfat edən 11 yaşlı qızın atası: “550 manata dərman alıb gələndə gördüm ki...” 

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda quduz itin dişlədiyi 11 yaşlı qız vəfat edib.

Hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb. Bu zaman o, bacısının köməyinə gəlib. Uşaq bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib. Lakin vəziyyəti ağırlaşdığı üçün yeniyetmə paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.

Hadisənin təfərrüatı barədə Cebhe.info-ya danışan Zülfiyyə Rzayevanın atası Elşad Rzayev itin övladının üz nahiyəsindən dişlədiyini deyib:

“Mayın 3-ü uşağı it tutub, elə həmin vaxt da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmışam, yaranı tikiblər, iynə vurublar. Mənim təhsilim yoxdur, dediklərinə görə, quduzluğa qarşı vaksin vurublar. Onların dedikləri vaxtlarda aparıb həkimə göstərmişəm, əlavə vaksinləri də vurublar.

10 gün ərzində bir neçə dəfə aparmışam, həkimlər deyiblər ki, hər şey yaxşıdır. 4-cü iynə vurulan günün səhəri, 17-ci gündə uşağın temperaturu qalxdı, həmin xəstəxanaya apardı. Həkimlərə yalvardım ki, mənə kömək edin. Təcili tibbi yardım maşını ilə Bakıda 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına göndərdilər. Orada heç yoxlamadan dedilər ki, uşağın öləcək, dərdinə dərman yoxdur. Yalvardım ki, axı vaxtlı-vaxtında vaksin də vurublar, niyə ölür ki?! Sonra həmin xəstəxanada MRT olmadığı üçün Nərimanov rayonunda yerləşən xəstəxanaların birində 225 manata MRT elədilər.

Dedilər ki, beynində heç bir infeksiya yoxdur, ola bilsin kötükdə var. Bilmirəm, bunlar necə həkimdirlər ki, dəqiq bir söz demədilər. Uşaq bizimlə danışırdı, hər şey yaxşı idi. Bəlkə heç quduzluq deyildi, stress idi. Həkimlər ancaq quduzluğa qarşı tədbir görürdülər, qanını yumadılar. Sonra yenidən uşaq xəstəxanasına getdik, həkimin təyinatı ilə aptekdən 550 manata dərman aldım. Uşaq mənimlə danışa-danışa aptekə getdim, dərmanı alıb gələndə gördüm ki, uşaq gül kimi soldu, ağappaq oldu. Nə dərman vuruldu, nə də qanı yuyuldu”.

Valideyn uşağının nəşinin ölümün əsl səbəbini müəyyən etmək məqsədilə pataloji-anatomik müayinəyə məruz qalmasından narazıdır:

“Həkimlər dedilər ki, uşağın ölüm səbəbi quduzluqdur. Mən uşağın nəşinin yarılmasını istəmirdim, ona görə də istəmədiyim barədə ərizə yazıb, imzaladım. Cəlilabada gedəndə polislər bizi saxlayıb, Mərkəzi Xəstəxanaya gətirdilər, orada məcburən mənim uşağımın nəşini yardılar. Biz nə qədər etiraz eləsək də məhəl qoymadılar, kobud davrandılar. Uşağın yası bitəndən sonra özüm bütün qurumlara şikayət edəcəyəm”.

Günay Şahmar
Cebhe.info