Narkomana avtobusu kim etibar edir?

Narkomana avtobusu kim etibar edir?

Xəbər verdiyimiz kimi, Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusunu idarə edən sürücü həbs edilib.

Bərdə RPŞ-nin keçirdiyi tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb. 

Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib. M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib. 

Maraqlıdır, sərnişindaşımada çalışan sürücülərin yoxlanılması necə aparılır? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildiriıib ki, qanunvericiliyin tələbinə əsasən, daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməlidir: 

"Avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir. Daşıyıcı bununla bağlı iş aparır və sürücülərə qarşı tələbi özü müəyyən edir. Qanunvericiliyin tələbinə əsasən, daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməlidir". 

Məlumata görə, iri daşıyıcılar tərəfindən sürücülər təlimlərə cəlb edilərək işə götürülür:

"İşə götürmə prosesi Əmək Məcəlləsinə və digər normativ-hüquqi aktların tələblərinə uyğun təmin edilir. Daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq onlara müvafiq tövsiyələr verilir. 

Bununla bağlı daşıyıcılara AYNA tərəfindən tövsiyə məktubları da göndərilib. Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzində də avtobus sürücüləri üçün təlimlər keçirilir. 

Burada sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar". 

Naibə 
"Cebheinfo.az"