Qarabağa 8 avtobus marşrutu açılıb
Azərbaycan vətəndaşları işğaldan azad olunmuş bəzi ərazilərə getmək üçün ya adalarını portala yazdırıb rəsmi icazə almalı, ya da həmin yerlərə açılmış avtobus reysləri ilə səfər etməlidirlər.
Bəs turistlər necə, müntəzəm reyslərlə işğaldan azad olunmuş ərazilərə gedə bilərmi?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yalnız ölkə vətəndaşları müntəzəm reyslərlə Qarabağ ərazilərinə səfər edə bilərlər.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdə yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir:
"İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi, Tərtər şəhəri-Talış kəndi, Horadiz şəhəri (Füzuli)-Ağalı qəsəbəsi (Zəngilan) istiqamətlərində avtobus marşrutları fəaliyyət göstərir".
AYNA-dan bildirilib ki, işğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır:
"İşğaldan azad olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan vətəndaşı biletləri “yolumuzqarabaga.az” və “biletim.az” portalları üzərindən əldə edir. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir".
"Cebheinfo.az"