Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq?

Uşaqlara sosial şəbəkə qadağası: Necə təmin olunacaq?

Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur.

Bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etməkdir:

"Həmçinin müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır.

Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir".

Deputat qeyd edib ki, layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır:

"Yeni norma Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar".

Zahid Oruc bildirib ki, 16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib:

"Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin – valideynin – açıq razılığı ilə. Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur".

O həmçinin bildirib ki, layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir:

"Provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər. Qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər".

Qeyd edək ki, bugünlərdə Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin keçirilən növbəti iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklifinə də münasbət bildirib.

O qeyd edib ki, aylarla, illərlə internetə öyrəşmiş uşağın əlindən onu alanda bu, aqressiya, təşviş pozuntularına, hətta intihar hadisələrinə qədər gətirib çıxara bilər:

“Hər bir qadağa bir reaksiya yaradacaq. Buna görə də, qadağan etdiyimiz halda onlara alternativ tətbiqlər barədə düşünməliyik. Onlar o vaxtını nəylə dolduracaqlar, bu, çox önəmlidir”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu məsələ olduqca vacib əhəmiyyət kəsb edir:

“Bu gün uşaqların sosial mediada zərərli təsir və məzmuna məruz qalması dünyada çox geniş müzakirə olunur və ciddi narahatlıq doğurur. Artıq bir sıra ölkələr bu prosesin tənzimlənməsi üçün ardıcıl addımlar atmağa başlayıblar.

Təqdirəlayiq haldır ki, bir müddət bundan əvvəl Prezident İlham Əliyevin çox mühüm bir sərəncamı oldu. Həmin sərəncamda gənclərin və uşaqların rəqəmsal mühitdə zərərli təsir imkanlarından qorunması ilə bağlı çox vacib müddəalar öz əksini tapıb. Bu sənəddə çox önəmli məqamlar vurğulanıb.

Sevindirici haldır ki, artıq sənəd hazırlanıb və sənəddə çox vacib məqamlar öz əksini tapıb. Hüquqi tənzimlənmənin həyata keçirilməsi nəzərdə tutulur. Bu sənədin qəbulu istiqamətində atılan addımlar uşaqların təhlükəsizliyinin qorunması baxımından xüsusi önəm və əhəmiyyət daşıyır.

Bu olduqca vacib sənəddir və önəmli müddəaları özündə əks etdirir. Burada 16 yaşına çatmamış şəxslərin sosial media platformalarından istifadəsinə məhdudiyyətlərin gətirilməsi çox önəmlidir. 

Eyni zamanda provayderlər də bu məsələyə görə məsuliyyət daşıyırlar. Həmçinin müəyyən cəzalar da nəzərdə tutulub. Burada xüsusi mexanizmlərin tətbiqi planlaşdırılır”.

O qeyd edib ki, qanun layihəsinin qəbulu uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması və sosial şəbəkələrdən istifadəsi baxımından xüsusi önəm daşıyır:

“Eyni zamanda burada valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Valideynlər öz övladlarına nəzarət etməlidirlər. Hər bir məsələnin hüquqi tənzimlənməsi var və yeni tənzimləmə həyata keçirilir. Bununla yanaşı, valideyn nəzarətinə də ehtiyac var. Provayderlər bu məsələyə ciddi yanaşmalı, nəzarət mexanizmlərini tətbiq etməlidirlər. 

Hesab edirəm ki, dövlət qurumlarının, özəl sektorun, mərkəzi icra hakimiyyəti orqanlarının, internet provayderlərinin və valideynlərin birgə əməkdaşlığı prosesə mühüm töhfə verə bilər və problemin qarşısının alınmasına kömək edər. Bu, asan məsələ deyil, bunu hər kəs anlayır. Kifayət qədər ciddi məsələdir. Biz bunu həyata keçirilməsək gələcəkdə çətin vəziyyət ola bilər".

Gülər Həsənli
“Cebheinfo.az”