Afina Avropa Komissiyasına çağırış etdi: Enerji…

Afina Avropa Komissiyasına çağırış etdi: Enerji…

Afina elektrik enerjisinin qiymətinin sürətlə artması səbəbindən Avropa İttifaqından (Aİ) tədbir görülməsini tələb edib. 

"Cebheinfo.az" xəbər verir ki, ittifaq miqyasında enerji bazarlarını tənzimləyən qurumun yaradılmasını tələb edən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Aİ-nin icra orqanı olan Avropa Komissiyasına məktubunda tələb etdiyi tənzimləyici qurumun enerji bazarlarına nəzarət etmək səlahiyyətinə malik olması lazım olduğunu vurğulayıb.

Mərkəzi və Şərqi Avropada sürətlə artan enerji qiymətlərinə işarə edən Mitsotakis, Komissiyadan ölkələr arasında enerji transferi üçün transsərhəd layihələri də dəstəkləməyi xahiş edib.

Yunanıstanda elektrik enerjisinin qiymətləri aprel-avqust ayları arasında beş aylıq dövrdə iki dəfə artıb.

Ölkəsində aprel ayında meqavat saatı 60 avro olan elektrik qiymətlərinin avqustda 130 avroya qalxdığını qeyd edən Mitsotakis, "Vətəndaşlarımıza ödənilən qiymətin birdən-birə bu qədər artdığını inandırıcı şəkildə izah edə bilmərik. Bu, siyasi baxımdan qəbuledilməz bir haldır".

Baş nazir qeyd edib ki, Rumıniya və Bolqarıstan kimi ölkələrdə qiymət artımlarında cari ilin yayında həddindən artıq istilər, enerji infrastrukturunda nasazlıqlar və su elektrik stansiyalarında iqlim dəyişikliyi səbəbindən su anbarlarının quruması kimi amillər təsirli olub.

Mitsotakis bu amillərlə yanaşı, Aİ ölkələrindən elektrik enerjisi idxalından daha çox asılı vəziyyətə düşən Ukraynaya işarə edərək, bunun da əlavə yük yaratdığını bəyan edib.

Ukrayna rəsmiləri bu il ölkədə elektrik enerjisi istehsal gücünün yarısının Rusiyanın hücumları nəticəsində məhv edildiyini bildiriblər.

Xatırladaq ki, ötən il Aİ istehlakçıları qorumaq və sabit qiymətli müqavilələri təşviq etmək üçün enerji bazarı qaydalarına dəyişiklik etmək qərarına gəlib.

Bununla belə, enerji qiymətlərində, o cümlədən bərpa olunan enerji istehsalını sürətlə artıran ölkələrdə ciddi azalma müşahidə edilməyib.

Bildirilir ki, qiymətlərin güclü dəyişməsi elektrik stansiyalarının hələ də böyük ölçüdə təbii qazla işləməsi ilə bağlıdır.

Aİ-nin öz hesablamalarına görə, 2030-cu ilə qədər olan dövrdə onilliklər ərzində mövcud olan elektrik şəbəkələrinin saxlanılması, təmiri və şəbəkələrdə daşınan bərpa olunan enerjinin payını artıracaq modernləşdirmə prosesləri üçün 584 milyard avro vəsait tələb olunur.

Nigar
"Cebheinfo.az"