Amerika “51-ci zona”da hansı gizli işlərlə məşğuldur - FOTOLAR

Amerika “51-ci zona”da hansı gizli işlərlə məşğuldur - FOTOLAR

ABŞ-nin Nevada səhrasında yerləşən və sirli hərbi obyekt kimi tanınan “51-ci zona”nın yaxınlığında görüntüləndiyi iddia edilən üçbucaq formalı hava aparatı müdafiə texnologiyaları ilə maraqlananların diqqət mərkəzinə çevrilib.

Termal kamera ilə çəkildiyi bildirilən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, görüntülər "Project Fear" adlı “YouTube” kanalı tərəfindən yayımlanıb.

Kanal sözügedən hava aparatını "ictimaiyyətin indiyədək görmədiyi bir təyyarə" kimi təqdim edib. Lakin görüntülərin harada və hansı şəraitdə çəkildiyi ilə bağlı rəsmi təsdiq yoxdur.Hava aparatının üçbucaq formasında olması iddiaların daha da güclənməsinə səbəb olub. 

Çünki bu cür qeyri-adi və kəskin gövdə dizaynları adətən radar görünməzliyini artırmaq üçün hazırlanmış eksperimental təyyarələrlə əlaqələndirilir.

Bəzi müşahidəçilər görüntüdəki aparatın ABŞ ordusunun məxfi "X-plane" layihələrindən birinə aid ola biləcəyini irəli sürüblər.

"X-plane" adlandırılan eksperimental təyyarələr yeni aerodinamik quruluşların və qabaqcıl uçuş texnologiyalarının sınaqdan keçirilməsi üçün istifadə olunur.

“51-ci zona”nın bu cür iddialarla gündəmə gəlməsi təsadüfi deyil. “Groom Lake” (qeyri-rəsmi olaraq “51-ci zona” kimi tanınır) ətrafındakı hərbi obyekt “soyuq müharibə” dövründən bəri ABŞ-nin ən məxfi aviasiya layihələrinin sınaq meydanlarından biri kimi tanınır.

“U-2” casus təyyarəsi və “A-12” kəşfiyyat təyyarəsi kimi mühüm layihələr ictimaiyyətə açıqlanmadan əvvəl məhz bu ərazidə sınaqdan keçirilib.Buna görə də “51-ci zona” yaxınlığında müşahidə olunan hər qeyri-adi hava aparatı yeni gizli layihə ehtimallarını gündəmə gətirir.

Sosial şəbəkələrdə yayılan ən diqqətçəkən nəzəriyyələrdən biri görüntüdəki aparatın ABŞ Hərbi Hava Qüvvələrinin yeni nəsil döyüş təyyarəsi proqramı ilə əlaqəli olmasıdır.

Bu çərçivədə ən çox hallandırılan adlardan biri “F-47”-dir. Bildirilir ki, “F-47” bir vaxtlar NASA və “Boeing” tərəfindən sınaqdan keçirilən “X-36” modelinə müəyyən qədər bənzəyir.

“F-47” ABŞ Hərbi Hava Qüvvələrinin "Next Generation Air Dominance" (NGAD) proqramının əsas elementi hesab edilən altıncı nəsil döyüş təyyarəsi kimi təqdim olunur. Bu təyyarənin gələcəkdə “F-22 Raptor”un yerini alacağı gözlənilir.

Yeni nəsil təyyarənin yalnız ənənəvi döyüş təyyarəsi funksiyasını yerinə yetirməyəcəyi bildirilir.İddialara görə, “F-47” süni intellektlə idarə olunan pilotsuz uçuş aparatları ilə birlikdə fəaliyyət göstərən komanda mərkəzi rolunu oynayacaq.Belə sistemlərdə pilotlu və pilotsuz hava vasitələri vahid şəbəkə üzərindən koordinasiyalı şəkildə işləyə bilir.

Bu da döyüş meydanında insan idarəçiliyini süni intellekt dəstəyi ilə birləşdirərək daha yüksək əməliyyat imkanları yaradır.

Lakin görüntüdəki hava aparatının həqiqətən “F-47” olması ilə bağlı heç bir rəsmi sübut yoxdur.

Üstəlik, bu cür məxfi proqramlarda prototiplərin dizaynı uzun müddət ictimaiyyətdən gizli saxlanılır. Buna görə də bütün iddialar hələlik fərziyyə səviyyəsində qalır.

“51-ci zona” təkcə hərbi aviasiya layihələri ilə deyil, həm də UNO (Uçan Naməlum Obyekt) və yadplanetli texnologiyaları ilə bağlı iddialarla məşhurdur. Obyekt ətrafındakı uzunmüddətli məxfilik bu əfsanələrin daha da yayılmasına səbəb olub.

1989-cu ildə Robert Lazar adlı şəxsin “Groom Lake” yaxınlığındakı gizli bazada yadplanetli texnologiyaları üzərində işlədiyini iddia etməsi “51-ci zona” haqqında miflərin dünya miqyasında populyarlaşmasına səbəb olmuşdu. Lakin bu iddialar heç vaxt rəsmi şəkildə təsdiqlənməyib.

Daha sonra məxfiliyi aradan qaldırılmış CIA sənədlərində isə keçmişdə qeydə alınan bir çox UNO müşahidələrinin əslində yüksək hündürlükdə uçan gizli casus təyyarələri ilə bağlı olduğu qeyd olunurdu.

Son görüntülərlə bağlı rəsmi açıqlama verilmədiyindən üçbucaq formalı hava aparatının nə olduğu hələ də məlum deyil. Bununla belə, “51-ci zona”nın keçmişi nəzərə alındıqda, bu görüntülər ABŞ-nin məxfi aviasiya layihələrinə olan marağı yenidən artırıb.

Nigar Hacılı 
"Cebheinfo.az"