Avropa Komissiyasının yeni tərkibi açıqlandı
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen komissiyanın yeni tərkibi ilə bağlı təkliflərini təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, Leyen bu barədə öz “X” hesabında paylaşım edib.
Gələcək 5 il ərzində fəaliyyət göstərəcək komissiya 40 faiz qadınlardan ibarətdir.
Belə ki, Estoniyanın keçmiş Baş naziri Kaya Kallas Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinə təyin ediləcək. 2019-cu ilin dekabrından bu vəzifəni Cozep Borrel icra edib.
Avropa Komissiyasının vitse-prezidenti, rəqabət məsələlərindən məsul şəxs olaraq isə İspaniyanın hökumət başçısının müavinlərindən biri olan Tereza Ribera təklif edilib.
Texnoloji suverenlik, təhlükəsizlik və demokratiya məsələləri üzrə vitse-prezident postunu isə Avropa Parlamentinin deputatı Henna Virkkunen tutacaq.
Bununla yanaşı, Leyen Fransanın XİN rəhbəri Stefan Sejurneyə vitse-prezident postunu təklif edib.
“Reuters” agentliyinin məlumatına görə, bütün namizədlər Avropa Parlamenti tərəfindən təsdiq edilməlidir. Komissiyanın yeni tərkibinin noyabrın 1-dən işə başlayacağı gözlənilir.
Xatırladaq ki, Ursula von der Leyen iyul ayında yenidən Avropa Komissiyasının rəhbəri seçilib.
"Cebheinfo.az"