Ben-Qvir barəsində istintaq başladıldı

Ben-Qvir barəsində istintaq başladıldı

İtaliyada Roma prokurorluğu Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan İtaliya vətəndaşlarına qarşı pis rəftar və işgəncə iddiaları ilə bağlı İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir barəsində istintaqa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Qəzza blokadasını yarmaq məqsədilə yola çıxan “Qlobal Sumud Donanması”na İsrailin müdaxiləsi Avropada geniş rezonans doğurmaqda davam edir.

Fransanın bir neçə gün əvvəl hərbi cinayətlər və işgəncə iddiaları üzrə araşdırmaya başlamasından sonra İtaliya da məsələ ilə bağlı hüquqi addım atıb.

Roma prokurorluğu beynəlxalq sularda dayandırılan gəmidə saxlanılan İtaliya vətəndaşlarına qarşı qeyri-insani rəftar iddialarına görə İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir barəsində istintaq açılması qərarı verib.

Bununla da İtaliya İsrailin fəallara münasibətini məhkəmə müstəvisinə daşıyan ikinci Avropa ölkəsi olub.
İstintaqın başlanmasına səbəb olan əsas amillərdən biri Ben-Qvirin əməliyyatdan sonra sosial media hesabında paylaşdığı video olub. 

Kipr sahilləri yaxınlığında saxlanılan gəmidə 40-dan çox ölkədən 400-dən artıq fəalın həbs olunması ilə bağlı görüntülərdə nazirin əlləri arxadan bağlanmış və diz çökdürülmüş şəxslərlə istehza etdiyi iddia olunur.

Donanmada iştirak edən fransız fəallar yaşadıqları hadisələri “son dərəcə sərt, alçaldıcı və qeyri-insani rəftar” kimi qiymətləndiriblər. 

İtaliya prokurorları isə həmin görüntülərin cinayət işi açılması üçün yetərli sübut olub-olmadığını araşdırırlar.

Haqqında səsləndirilən ittihamlara və açılan istintaqa münasibət bildirən Ben-Qvir sosial media hesabında İtaliyanın coğrafi formasına işarə edərək, “Çəkmə ölkəsi artıq başmaq ölkəsinə çevrilib” ifadəsini işlədib.

İsrailli nazir heç bir istintaqdan çəkinmədiyini və İsrail hərbçilərinin arxasında dayanmağa davam edəcəyini bildirib.
İsrail Həbsxana Xidməti isə saxlanılan fəallara qarşı pis rəftar göstərildiyi barədə iddiaları tamamilə rədd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"