Beynəlxalq hüquq Putini həbs etdirə bilmədi: Ukraynalı ekspertdən açıqlama
Rusiya Prezidenti Vladimir Putinin Monqolustana səfəri Ukrayna tərəfindən tənqidə səbəb olub və Monqolustanın beynəlxalq ədalət qarşısında öhdəliklərini şübhə altına alıb.
Bu, Putinin 2023-cü ildən bəri Ukraynadakı müharibə zamanı ukraynalı uşaqların deportasiyası ilə bağlı hərbi cinayətlərə görə onun həbsinə order verən BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını qəbul edən ölkəyə ilk səfəridir və müasir geosiyasətdə beynəlxalq normaların rolu ilə bağlı yeni suallar doğurdu.
2002-ci ildə BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalayan və ratifikasiya edən Monqolustan BCM-nin tamhüquqlu iştirakçısıdır və onun qərarlarına, o cümlədən hərbi cinayətlərə görə təhqiqat və ya ittiham aktında olan şəxslərin həbsi ilə bağlı öhdəliklərə əməl etməyə borcludur.
Putinin Ulan-Batora səfəri Ukrayna hakimiyyətinin qəzəbinə səbəb olub və onlar Monqolustanı Rusiya prezidentinə ölkə daxilində sərbəst hərəkət etməyə icazə verməklə beynəlxalq öhdəlikləri pozmaqda ittiham ediblər.
Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir:
“Monqolustan hökumətinin BCM-nin Putin haqqında məcburi həbs qərarına əməl etməməsi BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq cinayət hüququ sisteminə ağır zərbədir. Bu cür hərəkətlər beynəlxalq ədliyyə sistemini təhlükə altına qoyur, BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun etibarlılığını və bütün dünyada müharibə cinayətləri qurbanlarının etibar etdiyi icra mexanizmlərini sarsıdır".
Monqolustanın hüquqi aspektləri və əsaslandırmaları
Monqolustan tərəfi də bir çox başqa ölkələr kimi dilemma ilə üzləşib: milli maraqlarına və siyasi münasibətlərinə təhlükə yaratmadan beynəlxalq öhdəliklərə necə əməl etməli?
Monqolustan hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbsdən imtina etməsini ölkənin enerji asılılığı və neytrallığı ilə izah edib.
Monqolustan neft məhsullarının 95 faizini və elektrik enerjisinin 20 faizindən çoxunu qonşu ölkələrdən idxal edir.
"Bu təchizatlar bizim və xalqımızın varlığını təmin etmək üçün çox vacibdir. Monqolustan bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib" - ABŞ-nin nüfuzlu “Politico” nəşri belə yazıb.
Putinin Ulan-Batora səfəri ərəfəsində Avropa İttifaqı, Ukrayna və “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Human Rights Watch” kimi beynəlxalq insan haqları təşkilatları Monqolustanı BCM üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb. Bu arada, “Bloomberg”-in məlumatına görə, Monqolustan Putini həbs etməyəcəyinə əmin edib.
Putin Monqolustana ölkə Prezidenti Uxnaaqiyn Xurelsuxun dəvəti ilə Xalxin-Qol çayında Sovet və monqol qoşunlarının Yaponiya Silahlı Qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün səfər edib.
Bu, Rusiya prezidentinin 2023-cü ilin martında məhkəmənin uşaqların Ukraynadan Rusiyaya köçürülməsinə görə onun barəsində həbs qərarı çıxardıqdan sonra BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalayan ölkəyə ilk səfəridir. Monqolustan 2000-ci ildə Roma Əsasnaməsini imzalayıb və 2002-ci ildə ratifikasiya edib.
Roma Əsasnaməsinin Nizamnaməsinə görə, üzv dövlətlər BCM ilə əməkdaşlıq etməyə və onun qərarlarını, o cümlədən onların ərazisində yerləşən şübhəlilərin həbsini həyata keçirməyə borcludurlar. Bununla belə, dövlətləri digər ölkələr qarşısında öhdəliklərini pozmağa və ya diplomatik toxunulmazlığı pozmağa məcbur edərsə, orderi icra etməkdən imtina etməyə icazə verən bənd var.
Kreml səfərə əvvəlcədən hazırlaşaraq, sözçüsü Dmitri Peskov vasitəsilə “Moskva Monqolustanda Putinin həbsindən qorxmur” deyərək, diplomatik və siyasi razılaşmaların hüquqi öhdəliklərdən üstün olacağına işarə vurub.
Əslində, Monqolustan elə bir vəziyyətə düşdü ki, Rusiya ilə yaxşı münasibətlərin saxlanması BCM qarşısında öhdəliklərini yerinə yetirməməsinin potensial nəticələrini üstələyir.
Monqolustanın geosiyasi maraqları
Rusiya və Çin arasında yerləşən Monqolustan böyük qonşuların maraqlarını balanslaşdırmaq üçün mürəkkəb oyun oynayır. Putinin həbsindən imtinanı Monqolustanın sabitlik və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Rusiya ilə strateji tərəfdaşlığı qorumağa yönəlmiş praqmatik addım kimi qiymətləndirmək olar.
Bundan başqa, Monqolustan Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib, beynəlxalq aləmdə neytral mövqe tutmağa üstünlük verib ki, bu da qarşıdurmadan qaçmaq və münaqişənin hər iki tərəfi ilə yaxşı münasibətlər saxlamaq istəyi kimi də şərh oluna bilər. Eyni zamanda, özünü demokratik dövlət kimi təqdim edən Monqolustan beynəlxalq hüquq standartlarını pozduğuna və ədalət prinsiplərini qurban verərək siyasi müttəfiqlərinin xoşuna gəlməyə çalışdığına görə tənqidlərə məruz qalıb.
Bu səfərə Ukraynanın reaksiyası
Putinin səfərinə Ukraynanın reaksiyasının sərt olacağı gözlənilirdi. Ukrayna hakimiyyəti Monqolustanı Rusiya liderini həbs edib BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə çağırıb.
Çağırış öz icra strukturlarına malik olmayan və qərarlarını yerinə yetirmək üçün üzv ölkələrin iradəsindən asılı olan Beynəlxalq Cinayət Məhkəməsinin qərarından gedir.
Ukrayna və onun Qərbdəki müttəfiqləri Monqolustanın hərəkətlərini diplomatik güzəştdən daha çox, beynəlxalq hüququn prinsiplərinə açıq-aşkar etinasızlıq, müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi səylərinə zərbə vurmaq kimi qiymətləndirirlər.
BCM öz növbəsində, Monqolustanın öhdəliklərini təsdiqləyərək, əməkdaşlıq etməmənin ətraflı şəkildə araşdırılacağını bildirib. Eyni zamanda bəyan edib ki, iştirakçı dövlətlər məhkəmənin qərarlarına məhəl qoymayan ölkələrə qarşı "lazım gördükləri istənilən addımı" ata bilərlər. Bununla belə, konkret icra mexanizmlərinin olmaması BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin təsirini məhdudlaşdırır və qanunu pozanları cəzasız qoyur.
Sözügedən mövzu ilə bağlı ukraynalı ekspert Aleksandr Oxrimenko "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Putinin həbsi özlüyündə boş piardır.
Onun fikrincə, əgər Monqolustan Putini həbs etsəydi belə, heç nə dəyişməyəcəkdi:
"Sadəcə bir az səs-küy salınar və sonunda da onu buraxardılar. Monqolustanla Rusiya arasında münasibətləri korlayırdılar və heç nə olmazdı. Bilirsiniz, bədbəxtlik ondadır ki, çoxlu sayda beynəlxalq strukturlar yaranıb və gözəl sözlər söyləyir, bəyanatlar verir, lazımsız populist çıxışlar edirlər. Formal baxımdan hər şey yaxşıdır. Ukrayna Xarici İşlər Nazirliyi etiraz edib, lakin mən bilirdim ki, heç bir həbs olmayacaq və bunların hamısı boş piardır”.
Ekspert bildirib ki, müharibə çox böyük bir faciədir. Burada mülki vətəndaşlar və uşaqlar ölür amma siyasətçilər boş piarla məşğul olurlar:
"Heç kim heç vaxt bu həbs qərarına əməl etməyəcək. Əgər Rusiya Federasiyasında dövlət çevrilişi olarsa, o zaman Putin həbs olunar. Bütün digər bəyanatlar, beynəlxalq hüquqa istinadlar isə heç vaxt işə yaramayıb.
Buna görə piar həqiqətən yaxşıdır. Qalmaqallar olur, guya ki, hər şey həll oldu. Lakin hər kəs bilirdi ki, Putin həbs olunmayacaq. İlk növbədə Monqolustanın buna ehtiyacı yoxdur və onların kifayət qədər öz problemləri var.
Əgər Monqolustan belə bir addım atsaydı Çin Monqolustana təzyiq edəcəkdi. Yəni Putinin həbsini düşünmək o qədər mənasızdır ki, mən bu haqda düşünməyə belə utanıram. Qərbdə onlar ağıllı adamlar kimi görünürlər, amma o qədər xəyalpərəstdirlər ki, bu, sadəcə dəhşətdir".
Monqolustanın reaksiyası göstərdi ki, beynəlxalq hüquq heç də həmişə siyasi və diplomatik əlaqələrdən güclü deyil, xüsusən də böyük dövlətlərin maraqlarının kəsişdiyi regionda.
Bu, beynəlxalq ədalət mühakiməsinin effektivliyini şübhə altına alır və bu da BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının daha effektiv və ayrı-ayrı dövlətlərin siyasi iradəsindən asılı olmaması üçün onların həyata keçirilməsi mexanizmlərinin nəzərdən keçirilməsinin zəruriliyini göstərir.
Səbinə Uğur
"Cebheinfo.az"