Bu ölkə də qarışır: “Ərəb baharı” alovlanır

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmana qarşı yeni bir müxalif hərəkat meydana çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, özlərini “Azad Maskalılar Hərəkatı” adlandıran və simalarını gizlədən qrup üzvləri söz azadlığının məhdudlaşdırılması, İsraillə normallaşma addımları, dünyəviləşmə siyasəti və iqtisadi çətinlikləri əsas gətirərək sivil itaətsizlik çağırışı ediblər.
Hərəkatın sözçüsü kimi çıxış edən və “Qəssab” təxəllüsünü istifadə edən şəxs yayımladığı bəyanatda İslam ölkələrindəki hakimiyyətləri “şərəfsiz rejimlər” adlandırıb.
Qəssab bildirib ki, hərəkat həm mülki, həm də hərbi struktur altında fəaliyyət göstərəcək və hökumətə qarşı etirazlarını davam etdirəcək.
Qəssab növbəti açıqlamasında isə Səudiyyə Ərəbistanının İsraillə hava məkanı və ticarət sahəsindəki əməkdaşlığını sərt şəkildə tənqid edib.
O, açıqlamasında, “Fələstin xalqı soyqırıma məruz qalarkən sionistlərlə qurulan əlaqələr xəyanətdən başqa bir şey deyil”, - deyə vurğulayıb.
Həmçinin, dinc nümayişçilərə səslənərək, "Dəyişiklik istəyirsinizsə, üsullarınızı dəyişin", - deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında rəsmi mövqeyə zidd açıqlamalar vermək 20 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
Əfsanə Rəcəb
"Cebheinfo.az"