Bu ölkədə meşə yanğınları davam edir

Bu ölkədə meşə yanğınları davam edir

Portuqaliyanın şimal bölgələrində meşə yanğınları davam edir.

"Cebheinfo.az" xəbər verir ki, Portuqaliya hökuməti ölkənin müxtəlif bölgələrində, xüsusilə Porto şəhərinin cənubundakı Aveiro bölgəsində davam edən meşə yanğınlarına qarşı sentyabrın 15-də elan etdiyi həyəcan vəziyyətini 19 sentyabr gecə yarısına qədər uzadıb.

Portuqaliya Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyi və yerli hökumət rəsmilərinin mətbuata verdiyi məlumatlarda ölkə daxilində 107 nöqtədə yanğınların aktiv olduğu və çox çətin bir vəziyyətlə mübarizə apardıqları bildirilib.

Yanğın nəticəsində ölənlərin sayının 3-dən 4-ə yüksəldiyi, yaralanan 40 nəfərdən 33-nün yanğınsöndürən olduğu açıqlanıb.

Yanğınsöndürmə işlərinə könüllülər də daxil olmaqla 3 mindən çox adamın qatıldığı, 880 quru maşını və 19 təyyarənin havadan dəstək verdiyi qeyd edilib.

Portuqaliyanın Avropa Birliyindən kömək çağırışından sonra İspaniya, Fransa, İtaliya və Yunanıstan bu ölkəyə yanğınsöndürən təyyarələr göndərib.

Portuqaliya hökumət rəsmiləri həm mövcud meşə yanğınları, həm də kənd yerlərində çox yüksək yanğın riski səbəbindən ölkə daxilində həyəcan təbili çaldıqdan sonra Avropa Birliyindən kömək istədiklərini açıqlayıblar.

Səlahiyyətlilər Avropa Mülki Müdafiə Mexanizminin işə salındığını bildiriblər.

Ləman İsmayıl
"Cebheinfo.az"