Köçəryan seçkilərin nəticələrinə görə məhkəməyə müraciət edəcək

Köçəryan seçkilərin nəticələrinə görə məhkəməyə müraciət edəcək

Eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku iyunun 7-də  keçirilmiş  parlament seçkilərinin nəticələrinə etiraz olaraq Konstitusiya Məhkəməsinə müraciət edəcək.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Ermənistan” müxalifət blokundan deputatlığa namizəd və “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan açıqlama verib.

“Seçkilərin nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Konstitusiya Məhkəməsində kimlərin oturduğunu, onların səlahiyyətlərini və hökumətin açıq-aşkar əlaltıları olduqlarını başa düşdüyümüz üçün, yekun nəticələr dərc edildikdən sonra Konstitusiya Məhkəməsinə inandırıcı dəlillər təqdim edəcəyik. Bir qrup hüquqşünas sənədlər paketi üzərində işləyir”, -deyə Saqatelyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təxminən iyirmi seçki məntəqəsi səslərin yenidən sayılması üçün müraciət edib.Qeyd edək ki, Köçəryan seçkilərin hökumətin geniş təzyiqi, müxalifət nümayəndələrinin həbsləri, görünməmiş inzibati resurslardan istifadə və  pozuntular şəraitində keçirildiyini deyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”