Koreya yarımadasında gərginlik artır

Koreya yarımadasında gərginlik artır

Şimali Koreyaya göndərildiyi iddia edilən pilotsuz uçuş aparatları (PUA) ilə bağlı istintaq dərinləşib.

Cənubi Koreyada kəşfiyyat qurumlarında axtarışlar aparılıb, üç hərbçi və bir kəşfiyyat əməkdaşı araşdırmaya cəlb olunub.

"Cebheinfo.az" xəbər verir ki, Pxenyan administrasiyası yanvar ayında sənaye şəhəri Keson yaxınlığında müşahidə PUA-sını vurduğunu açıqlamış, Seulu “mühüm hədəflər” barədə kəşfiyyat məlumatı toplamaq məqsədilə bu aparatı göndərməkdə ittiham etmişdi.

Cənubi Koreya hökuməti ilkin mərhələdə rəsmi əlaqəsinin olmadığını bəyan edib. Prezident Li Ce Myonq belə bir addımın “Şimala atəş açmaqla eyni məna daşıyacağını” demişdi. Lakin ordu və polis əməkdaşlarından ibarət birgə əməliyyat qrupu çərşənbə axşamı yaydığı açıqlamada “həqiqəti bütün tərəfləri ilə üzə çıxarmaq” məqsədilə üç hərbçi və bir kəşfiyyat əməkdaşının istintaqa cəlb olunduğunu bildirib.

İstintaq çərçivəsində Müdafiə Kəşfiyyat Komandanlığı və Milli Kəşfiyyat Xidməti də daxil olmaqla 18 ünvanda eyni vaxtda reyd keçirilib.

Rəsmilər ələ keçirilən materialların araşdırılacağını və şübhəlilərin geniş şəkildə dindiriləcəyini açıqlayıb.

Şimali Koreya ordusu yanvarın əvvəlində “müşahidə avadanlıqları” daşıyan PUA-nı vurduğunu dövlət xəbər agentliyi vasitəsilə bəyan etmişdi.

Yayılan fotolarda qanadlı hava aparatının qalıqları və kamera olduğu iddia edilən hissələrin əraziyə səpələndiyi görünürdü. 

Açıqlamada PUA-nın sərhəd bölgələri də daxil olmaqla “mühüm hədəflərə” aid görüntüləri yaddaşda saxladığı iddia olunmuşdu.

Cənubi Koreyanın Birləşmə naziri Çon Donq Yonq yanvar hadisəsində keçmiş sərt xətt tərəfdarı lider Yoon Suk Yeola hələ də sadiq olan bəzi dövlət məmurlarının rol oynamış ola biləcəyini irəli sürüb.

Qalmaqal çərçivəsində üç mülki şəxsə də ittiham irəli sürülüb. Həmin şəxslərdən biri Pxenqsan bölgəsindəki uranın emalı müəssisəsindən yayılan radiasiya səviyyəsini müəyyən etmək məqsədilə hərəkət etdiyini bildirərək məsuliyyəti açıq şəkildə üzərinə götürüb.

Nigar Hacılı 
"Cebheinfo.az"