Macarıstanda seçki öncəsi qalmaqal böyüyür

Macarıstanda seçki öncəsi qalmaqal böyüyür

Macarıstanda aprel ayında keçiriləcək kritik seçkilər yaxınlaşdıqca sorğularda önə keçərək Baş nazir Viktor Orbanın 16 illik hakimiyyətinə təhdid yaradan müxalifət lideri Peter Maqar haqqında “intim görüntü kaseti” iddiası ortaya atılıb.

"Cebheinfo.az" xəbər verir ki, Maqar keçmiş sevgilisi ilə yaşadığı cinsi münasibət zamanı xəbəri olmadan qeydə alındığı iddia edilən video ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, münasibətin qarşılıqlı razılıq əsasında baş verdiyini və hər hansı qanunsuz əməl törətmədiyini bildirib. Maqar 2024-cü ilin avqustunda bir partiyadan sonra fotolarda görünən mənzilə getdiyini etiraf edib.

Mənzildə olan digər şəxslərin üzərində narkotik ola biləcəyini qəbul edən Maqar, özünün narkotik istifadə etmədiyini və narkotik testindən keçməyə hazır olduğunu bildirib. O, görüntülərin tam şəkildə yayımlanmasını tələb edib.

Maqar hadisəni “bal tələsi” kimi qiymətləndirərək bunun siyasi kampaniyasını zəiflətmək məqsədilə Orban hökuməti tərəfindən təşkil edildiyini iddia edib.
Orbanın keçmiş müttəfiqlərindən biri olan Maqar baş verənləri “Rusiya üslubunda qaralama kampaniyası” adlandırıb.

Millətçi “Fidesz” partiyası rəsmiləri isə fotoların yayılmasında iştirak etdiklərinə dair iddiaları təkzib ediblər.

Maqar aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Viktor Orbanın “Fidesz” Partiyasının əsas rəqibi olan “Tisza” Partiyasına rəhbərlik edir. Son sorğulara görə, 35 faizlə “Tisza” 2010-cu ildən hakimiyyətdə olan “Fidesz”i qabaqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"