Maraqlı sorğu: Kim daha yaxşı prezident olar?

Maraqlı sorğu: Kim daha yaxşı prezident olar?

Mərkəzi ofisi ABŞ-də olan "Gallup" araşdırma şirkəti 1-20 mart tarixləri arasında 1016 nəfərdən noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini soruşub.

"Cebhe.info" xəbər verir ki, nəticələrə görə, iştirakçıların 29 faizi nə Baydenin, nə də Trampın yaxşı prezident ola biləcəyini düşünür.

Digər tərəfdən, sorğuda iştirak edənlərin 4 faizi həm Baydenin, həm də Trampın yaxşı prezident ola biləcəyini düşünür.

İştirakçıların 30 faizi Baydenin, 35 faizi isə Trampın yaxşı prezident olacağına inanır. Sorğuda 2 faiz sualı cavabsız qoyub.

Sorğuda nə Baydenin, nə də Trampın yaxşı prezident ola biləcəyini düşünən 29 faizə seçkidəki səsvermə üstünlükləri soruşulub.

Müvafiq olaraq, 33 faiz Bayden və ya Trampa səs verə biləcəyini, 46 faiz isə üçüncü namizədə səs verməyi düşündüyünü bildirib.

17 faiz isə seçkilərdə səs verməməyə üstünlük verəcəyini deyib. Qalan faiz isə fikir bildirməyənlərə aid olub.

Xatırladaq ki, "Gallup"-un 2020-ci ildə keçirdiyi seçki sorğusunda nə Baydenin, nə də Trampın yaxşı prezident olacağını düşünənlərin nisbəti yüzdə 25 olub.

Baydenin yaxşı prezident olacağını düşünənlərin nisbəti 36 faiz, Trampı dəstəkləyənlərin nisbəti isə 33 faiz olub.

Müvafiq olaraq, Baydenə dəstək yüzdə 6 azaldığı halda, Tramp 2 faiz dəstək qazanıb.

Ləman İsmayıl
"Cebhe.info"