Meksika Ekvadoru Beynəlxalq Ədalət Məhkəməsinə verdi

Meksika Ekvadoru Beynəlxalq Ədalət Məhkəməsinə verdi

Meksika Kitodakı səfirliyinə basqın edən Ekvadordan Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) şikayət edib və bu ölkənin Birləşmiş Millətlər Təşkilatında (BMT) fəaliyyətinin dayandırılmasını istəyib.

"Cebhe.info" xəbər verir ki, Meksikanın xarici işlər naziri Alicia Barcena mətbuat konfransında Ekvadorun səfirliyə basqınla beynəlxalq hüququn əsas prinsip və normalarını pozduğunu bildirib.

BƏM-ə şikayət etdiklərini və Ekvadorun Meksikadan açıq şəkildə üzr istəyənə qədər BMT üzvlüyünün dayandırılmasını tələb etdiklərini ifadə edən Barcena bildirib ki, beynəlxalq hüquqa baxmayaraq, səfirliyimizin toxunulmazlığı açıq şəkildə pozulub:

“Diplomatlarımıza hücum edilib. Məhz Ekvador buna görə mühakimə olunmalıdır".

Ekvadorun nümunəvi cəzalandırılması lazım olduğunu deyən Barcena, bu cür basqınların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin Ekvadoru açıq şəkildə qınamasının vacib olduğunu bildirib.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador isə yerli mətbuata açıqlamasında belə bir hadisənin bir daha təkrarlanmaması üçün çalışdıqlarını deyib:

"Bu, təkcə Meksikanın deyil, hər kəsin məsələsidir. Beynəlxalq hüquq təmin edilməlidir, heç bir ölkənin mülkiyyətinə, eləcə də səfirliyinə zərər  verilməməlidir”.

Nigar Hacılı 
"Cebhe.info"