Müddət bitdi: Kəndlər bu gün Azərbaycana təhvil veriləcək?

Müddət bitdi: Kəndlər bu gün Azərbaycana təhvil veriləcək?

Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuşun Günən (Kirants) kəndində iş üçün son müddətin mayın 15-i olduğu əvvəlcədən bildirilsə də, sərhədin demarkasiyası və delimitasiyası üzrə işlər hələ də bərpa olunmayıb. 

“Cebhe.info” xəbər verir ki, bu barədə kənd sakinləri  “NEWS.am”-ın müxbiri ilə söhbətdə bildiriblər.

“Hazırda heç bir iş aparılmır, insanlar sadəcə gözləyirlər ki, nə olacaq”, - deyə kənd sakinləri bildiriblər.

Qeyd edək ki, mayın 7-də Kirants kəndi ərazisində demarkasiya və delimitasiya işləri rəsmi izahat verilmədən müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar Tavuş vilayətindən sərhədin demarkasiyasına başlamaq barədə razılığa gəliblər. Sərhəd xəttinin bu hissələrinin təsviri yerində aparılan geodeziya ölçmələri nəticəsində alınacaq koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək.

Bütün bunlar cari il mayın 15-dək tərəflər arasında razılaşdırılmalı və imzalanmalı olan müvafiq protokol təsvirində sənədləşdiriləcək. Prosesin əleyhdarları Ermənistan tərəfinin növbəti birtərəfli güzəştlərə getdiyini bildirərək buna etiraz edirlər. 

Xəzər
“Cebhe.info”