Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirir

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirir

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Moskvanın ölkəsində nüvə silahı yerləşdirmək planı Qərb tərəfindən təhdid edilən Belarusun müdafiəsinə töhfə verəcək.

Cebhe.info xəbər verir ki, Rusiya öz qonşusu və müttəfiqi Belarusda taktiki nüvə silahı yerləşdirmək planına uyğun hərəkət edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin dünən Belarusun paytaxtı Misnkdə taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi planını imzalayıblar.

Şoyqu belaruslu həmkarı ilə görüşündə qeyd edib ki, Qərb Ukraynadakı münaqişənin uzanması, gərginləşməsi üçün əlindən gələni edir: "Qərb kollektiv şəkildə ölkələrimizə qarşı mahiyyətcə elan olunmamış müharibə aparır”.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, imzalanmış sənədlər Belarusda taktiki nüvə silahlarının saxlanması əməliyyatları ilə bağlıdır.

Digər tərəfdən, Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında artıq nüvə sursatlarının ölkəsinə təhvil verilməsinə başladığını bildirib.

Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfəri zamanı Lukaşenko taktiki nüvə silahlarının Belarusda olub-olmaması ilə bağlı suala belə cavab verib: "Ola bilər. Geri qayıdanda yoxlayacam".

Hələlik Rusiyadan bu məlumatla bağlı heç bir təsdiq yoxdur. Nüvə silahının çatdırılması planı Putinin martın 25-də televiziya ilə çıxışında açıqlanıb.

Putinin açıqlamalarından sonra Lukaşenko bəyan edib ki, Moskvanın ölkəsində nüvə silahı yerləşdirmək planı Qərb tərəfindən təhdid edilən Belarusun müdafiəsinə töhfə verəcək.

Nigar
Cebhe.info