Rusiya və Şimali Koreya xarici işlər nazirləri görüşüb

Rusiya və Şimali Koreya xarici işlər nazirləri görüşüb

Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq-hi və Rusiya xarici işlər naziri Sergey Lavrovun keçirdiyi strateji dialoq görüşü ilə bağlı açıqlama verilib. 

"Cebheinfo.az" xəbər verir ki, Şimali Koreyanın rəsmi mətbuatında dərc olunan bəyanatda iki ölkə arasında əlaqələrin iyun ayında Şimali Koreya-Rusiya arasında tarixi zirvə toplantısında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi çərçivəsində gücləndirildiyi vurğulanıb:

"Şimali Koreya və Rusiya uzun müddətdir qurulmuş dostluq münasibətlərini yeni səviyyəyə qaldıran hərtərəfli strateji tərəfdaşlıq sazişinin müddəalarını lazımi şəkildə yerinə yetirmək əzmindədir".

Əhəmiyyətli beynəlxalq problemlər üzrə fikir mübadiləsi zamanı iki tərəfin hazırkı beynəlxalq vəziyyətə dair qiymətləndirmələrində razılaşdıqları aşkar edilib.

Bildirilib ki, Rusiya Şimali Koreya administrasiyasının ABŞ və müttəfiqlərinin təcavüzkar siyasətinin qarşısını almaq, regional sülh və sabitliyi təmin etmək məqsədilə həyata keçirdiyi tədbirləri tam dəstəkləyir:

"Strateji dialoq görüşü Şimali Koreya və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığa uyğun olaraq ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib”. 

Çoi Sonq-hi və Lavrovun daha çox dialoq görüşlərinin nazirlər səviyyəsində keçirilməsi barədə razılığa gəldiyi vurğulanıb.

Şimali Koreya lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin ötən ilin iyununda Pxenyanda görüşərək hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar.

Bir çox sahədə qarşılıqlı əməkdaşlığı nəzərdə tutan müqavilənin tərəflərdən birinə xaricdən hücum zamanı qarşılıqlı yardımı da ehtiva etdiyini açıqlayan Putin, “Rusiya bu imzalanmış müqaviləyə uyğun olaraq Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığı gözardı etmir", - deyə bildirib.

Ləman İsmayıl
"Cebheinfo.az"