Trampın kürəkənini ölkədən qovdular: “Albaniya satılıq deyil”
Albaniyada ABŞ Prezideni Donald Trampın kürəkəni Cared Kuşnerin Sazan adasında həyata keçirməyi planlaşdırdığı milyard dollarlıq lüks turizm layihəsi dayandırılıb.
Buna səbəb kütləvi etirazlar və ətraf mühit təşkilatlarının qətiyyətli mövqeyi olub.
“Cebheinfo.az” xəbər verir ki, Albaniyada insanlar təbiəti qorumaq üçün küçələrə çıxıblar və lüks eko-kurort layihəsinin dayandırılması mümkün olub. Etirazçılar hökumətin təbii əraziləri xarici investorlara satdığını iddia ediblər və layihə tamamilə ləğv olunana qədər etirazları davam etdirəcəklərini bildiriblər.
Cared Kuşner tərəfindən maliyyələşdirilən və 1,4 milyard avro dəyərində olan layihə Sazan adasını və Vjosa-Narta bölgəsini əhatə etməli idi. Ancaq mütəxəssilər layihənin ərazidəki həssas ekosistemi təhdid etdiyini bildirib.
Hökumətin layihəni dayandırmaq qərarı həm ictimai müqavimət, həm də məhkəmə araşdırması nəticəsində qəbul edilib. Beləliklə, Albaniyada həftələrdir davam edən və "Flamingo İnqilabı" adlandırılan ətraf mühit müqaviməti qlobal elitaların milyard dollarlıq planlarını pozub.
Albaniya hökuməti ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin mühafizə altında olan Sazan adasında və Vjosa-Narta bölgəsində tikmək istədiyi lüks eko-kurort layihəsinin dayandırıldığını rəsmi olaraq elan edib.
“Albaniya satılıq deyil”
![]()
Bir çox sahil şəhərlərində, xüsusən də paytaxt Tiranada minlərlə vətəndaş ölkəni təbiətini qorumaq üçün günlərlə küçələrə çıxıb. "Albaniya satılmır", "Layihəni ləğv edin" və "İvanka, evə get" kimi şüarlarla yürüş edən nümayişçilər hökumətin təbii əraziləri xarici investorlara satdığını iddia ediblər.
Etirazlar zamanı bölgədəki bataqlıq ərazilərin simvolu olan çəhrayı flaminqoların maketləri daşınıb. Albaniya hökuməti mübahisəli layihənin dayandırıldığını elan etmək məcburiyyətində qalıb. Cared Kuşnerin investisiya şirkəti “Affinity Partners” tərəfindən maliyyələşdirilən və təxminən 1,4 milyard avro dəyərində olan nəhəng turizm layihəsi Adriatik dənizindəki Sazan adasını və Vjosa-Narta qorunan ərazisini əhatə edirdi.
Aralıq dənizi suitiləri, dəniz tısbağaları və 200-dən çox quş növünün çoxalma yeri olan bu həssas ekosistemə tikinti texnikasının daxil olması ətraf mühit təşkilatlarını və yerli əhalini qəzəbləndirmişdi.
Məlumata görə, İvanka Trampın dostunun gəmisində səyahət edərkən təsadüfən bu ərazini kəşf edib, orada lüks otellər, villalar tikdirməyi planlayıb. Ancaq xalqın müqaviməti layihənin icrasına imkan verməyib.
Siyasi qalmaqal
![]()
Hökumətin layihəni dayandırmaq barədə açıqlaması etirazçıları tamamilə sakitləşdirməyib. Küçələri tərk etməyən etirazçılar layihənin sadəcə dayandırılmasını yox, tamamilə ləğvini tələb ediblər. Nümayişçilər işğalçı adlandırdıqları xarici şirkətlərin tamamilə çıxarılmasını, dağıdılmış ərazilərin bərpasını və bu paylama üçün məsul olan bütün vəzifəli şəxslərin məsuliyyətə cəlbini tələb edirlər.
Layihənin dayandırılması qərarı təkcə küçə etirazları deyil, həm də məhkəmə təzyiqi ilə qəbul olunub. Belə ki, Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi Prokurorluğu (SPAK) Sazan adasını və qorunan hərbi zona statusuna malik laqunları turizmə açmaq üçün edilən hüquqi dəyişikliklərlə bağlı rəsmi araşdırma başladıb.
Baş nazir Edi Rama hökumətinin Tramp ailəsinin rəğbətini qazanmaq üçün bağlı qapılar arxasında onlara torpaq ayırdığı iddiaları ölkədə böyük siyasi böhrana səbəb olub. Hökumət həm də ünvanına səslənən bu iddiaları yalanmaq üçün layihəni dayandırıb.
Xəzər
“Cebheinfo.az”

