ÜST-dən qorxulu Ebola xəbərdarlığı: "Nəzarətə götürə bilmirik"
Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyası ilə mübarizədə vəziyyət hələ də nəzarət altına alınmayıb.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Xəbərdarlığı və Cavab Əməliyyatları Direktoru Abdirahman Mahamud bildirib.
Onun sözlərinə görə, test və təmasların izlənməsi genişləndirilsə də, ciddi çətinliklər qalmaqdadır. Mahamud BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransına onlayn qoşularaq KDR və Uqandadakı epidemioloji vəziyyət barədə məlumat verib.
O qeyd edib ki, KDR-də Bundibuqyo virusunun səbəb olduğu Ebola epidemiyası üç həftədən artıqdır davam edir. Son 15 gündə ölkənin Bunia bölgəsində olan Mahamud genişmiqyaslı müdaxilə tədbirlərinin həyata keçirildiyini bildirib.
Mahamudun sözlərinə görə, 8 iyun tarixinə qədər KDR-də 550 təsdiqlənmiş yoluxma halı, 101 ölüm və 19 sağalma qeydə alınıb. Epidemiyanın əsas yükü ölkənin Ituri əyaləti üzərinə düşür.
Təsdiqlənmiş yoluxmaların 94 faizi, yəni 487-si məhz bu əyalətdə qeydə alınıb. ÜST rəsmisi bildirib:
“Təsdiqlənmiş yoluxmaların sayındakı artım testlərin və təmasların izlənməsinin genişləndirilməsi ilə bağlıdır. Bu müsbət haldır. Lakin biz hələ də epidemiyanın nəzarət əyrisinin gerisindəyik və bir çox problemlər qalmaqdadır.
Təxminən 100 şübhəli halın təsdiqlənməsi və ya təkzib edilməsi üçün araşdırmalar davam edir”. Mahamud deyib ki, Uqandada indiyədək 19 təsdiqlənmiş yoluxma, 2 ölüm və 1 ehtimal olunan ölüm qeydə alınıb. Onun sözlərinə görə, hazırda Uqandada virusun icma daxilində geniş yayılmasına dair hər hansı sübut yoxdur.
ÜST KDR-də yerli hakimiyyət orqanları və səhiyyə tərəfdaşları ilə əməkdaşlığı davam etdirdiyi də vurğulayıb. Qeyd edək ki, KDR-in şərqində yerləşən Ituri əyalətində 246 şübhəli yoluxma və 65 ölüm faktından sonra 15 may tarixində ölkədə Ebola epidemiyası elan edilmişdi.
ÜST isə 17 mayda yenidən ortaya çıxan Ebola epidemiyası ilə əlaqədar beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan etmişdi. Səhiyyə mütəxəssislərinin məlumatına görə, hazırkı epidemiya Ebola virusunun nadir növlərindən biri hesab olunan Bundibuqyo ştamı ilə əlaqəlidir.
Bu virus növünə qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Məlumatlara əsasən, epidemiya çərçivəsində yoluxanların sayının artıq 1000 nəfəri keçdiyi bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"

