Vaşinqton Tehran üçün yeni plan hazırlayır
Vaşinqton və Tehran yaxın iki həftə ərzində razılığa gələ bilərlər.
“Cebheinfo.az”-ın məlumatına görə, Senator Lindsi Qrehama dəstək məqsədilə keçirilən telekonfransda çıxış edən ABŞ Prezidenti Donald Tramp belə deyib.
Tramp danışıqların davam etdiyini və İranın çox yaxşı bir razılaşma əldə etməkdə maraqlı olduğunu bildirib.
“Onlar nüvə silahlarından imtina etməyə hazırdırlar”, - deyə Tramp qeyd edub.
ABŞ Prezidentinin sözlərinə görə, tərəflər uğura yaxındırlar. Lakin yaxın iki həftə ərzində qəti nəticələr əldə edilməlidir.
Tramp həmçinin mümkün razılaşmanın tam qələbə olacağına və qlobal neft qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracağına inandığını bəyan edib.
Amerika lideri əvvəllər dəfələrlə ABŞ və İranın münaqişənin həlli üçün razılığa gəlmək ərəfəsində olduğunu bildirib.
“CNN” telekanalı ABŞ Prezidentinin bu açıqlamasına qeyri ciddi yanaşıb. Adıçəkilən media qurum qeyd edib ki, Tramp mart ayının 23-dən bəri 37 dəfə İranla razılaşmaya yaxın olduğunu deyib.
Yəni belə bir sazişin baş tutmaması ehtimalı bu dəfə də böyükdür. İranla İsrail arasında son günlər baş verən qarşılıqlı zərbələrdən sonra rəsmi Tehran ABŞ-ni atəşkəs sazişində üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə ittiham edib.
İran parlamentinin spikeri Məhəmmədbağır Qalibafın bu barədə səsləndirdiyi fikirlər Tehranın Vaşinqtona etibar etmədiyini göstərir.
Ona görə də yaxın həftələrdə razılaşmanın imzalanacağı barədə Trampın sözləri real olmaya da bilər. Halbuki İran atəşkəsin uzadılmasına dair sazişi İsraillə deyil, ABŞ ilə imzalayıb.
Buna görə də İsrail və İran arasında döyüşlərin istənilən vaxt başlanması mümkündür. Sadəcə olaraq, İran atəşkəs rejimini Livanı, yəni İsrail-“Hizbullah” cəbhəsini də əhatə etməsini təklif edir.
Donald Tramp sülh razılaşması ilə bağlı qərarları Benyamin Netanyahunun deyil, özünün verdiyini desə də, Baş nazir mövqeyindən dönməyəcəyini bildirib:
“İsrailin özünü müdafiə etmək üçün tam hüququ var və bu hüquqdan lazım olduğu qədər istifadə edəcək. Bunu sizə, dostum Prezident Trampa hörmət və minnətdarlıqla deyirəm”, - deyə Netanyahu bəyan edib.
Bu baxımdan, ABŞ və İran arasında hər hansı sənəd imzalansa belə, İsrailin bu razılaşmanı pozacağı istisna edilmir. İranın nüvə proqramı imtina etməyə hazır olduğuna dair ABŞ Prezidentinin dedikləri isə ilk növbədə, bəzi suallara aydınlıq gətirilməsini tələb edir.
İranın zənginləşdirilmiş uran ehtiyatını başqa ölkəyə köçürməyə və ya utilizasiyasına razı olub-olmadığı məlum olmalıdır. Əks təqdirdə, hər hansı imtinadan danışmaq populizmdir.
İranın raket proqramı ilə bağlı mövzunun üzərindən Trampın sükutla keçməsi isə bu məsələnin danışıqlar predmeti olmadığını deməyə əsas verir. Bu halda, İsrail və İran arasında növbəti toqquşma qaçılmaz ola bilər.
Ehtimallardan biri isə uranın zənginləşdirilməsi proqramının 20 il müddətinə dayandırılmasına dair İranın öhdəlik götürməsi ilə bağlıdır.
Bunun müqabilində ABŞ İrana qarşı sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin bir hissəsini Tehrana qaytarılması barədə razılıq əldə edə bilər.
Tərəflərin razılığa gələcəkləri başlıca məqam isə Hörmüz boğazı ilə bağlıdır. Həm İran, həm də ABŞ Hörmüz boğazının açılması və ticarət gəmilərinin sərbəst hərəkəti üçün kompromisə gələ bilər.
Əgər belə bir anlaşma baş tutarsa, ABŞ donanmasını Yaxın Şərqdən geri çəkməli olacaq.
Bu isə Trampa noyabr ayında Konresə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyasının İran məsələsini qələbə ilə həll etdiyinə dair təbliğat kampaniyası aparmaq üçün lazımdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”

