Xameneyinin müşaviri: “Zəngəzur dəhlizinin qarşısını biz aldıq”

Xameneyinin müşaviri: “Zəngəzur dəhlizinin qarşısını biz aldıq”

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran Zəngəzur dəhlizi  yaratmaq cəhdinin qarşısını alıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim”-ə bildirib. 

Onun sözlərinə görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb.

“Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsi idi. Bəzi ölkələr  Zəngəzur dəhlizini - mahiyyətcə parçalanma demək olan layihəni yaratmaq və İranın Avropaya gedən dəhlizini bağlamaq bəhanəsi ilə Naxçıvanı Ermənistan vasitəsilə Azərbaycanla birləşdirməyə cəhd edəndə, İran İslam Respublikası bu plana qəti şəkildə qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”, - deyə Vilayəti bildirib.

O iddia edir ki, Co Bayden özü də ABŞ Prezidenti vəzifəsində olarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf edib, lakin bu layihənin həyata keçirilməsinə mane olan İran olub.

“Bu bəyanat onu göstərir ki, İran İslam Respublikası hətta Rusiyanın dəstəyi olmadan belə, Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və ağıllı diplomatiya vasitəsilə NATO-nun nüfuzunun qarşısını almağa nail olub”, - Vilayəti bildirib.

O qeyd edib ki, İranın Cənubi Qafqazda "mahir və strateji mövcudluğu" təkcə milli maraqların müdafiəsi deyil, həm də xarici dövlətlərin regionun işlərinə müdaxiləsi qarşısında güclü maneədir.

Vilayəti vurğulayıb ki, Zəngəzur dəhlizinin son məqsədi təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaqdır:

“Lakin bu layihə də uğursuzluğa düçar oldu”.

Xəzər
“Cebheinfo.az”