Yunanıstanda meşələr yanır
Yunanıstanın paytaxtı Afinadan 35 kilometr şimalda yerləşən Varnava kəndində bazar günü başlayan meşə yanğını getdikcə genişlənir.
"Cebheinfo.az" xəbər verir ki, Yanğınsöndürmə briqadasından verilən açıqlamada yanğının 3-cü günündə Vrilissia şəhərində yanan bir mağazada bir qadının cansız cəsədinin tapıldığı açıqlanıb.
Yunanıstan Milli Rəsədxanasının məlumatına görə, yanğında indiyədək 100 min dekar ərazi məhv olub. Yanğınsöndürmə İdarəsinin sözçüsü Vassilis Vathrakogiannis bildirib ki, yanğınsöndürənlər hazırda tək cəbhədə mübarizə aparırlar, lakin əsasən Marafon və Penteli ətrafında çoxlu aktiv yanğınlar var.
702 yanğınsöndürən, 199 yanğınsöndürən maşını, 35 təyyarə, o cümlədən könüllülər və ordunun şəxsi heyətinin dəstəyi ilə söndürmə işləri davam edir.
Bazar günü Afinadan təxminən 35 kilometr şimal-şərqdə, Marafon gölü yaxınlığında başlayan yanğın Pendeli dağını keçərək dünən paytaxt Afinanın şimal ətrafına çatdı, Nea Penteli, Palaia Penteli, Patima Halandriou və digər yerlərdə evləri, iş yerlərini və nəqliyyat vasitələrini külə çevirib. Yaşayış məntəqələri, 2 monastır və 3 xəstəxana evakuasiya edilərkən, Afinanın mərkəzi tüstü və kül buludları ilə örtülmüş, bəzi məntəqələrdə elektrik enerjisi kəsilmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"