AYB yeni siyahı hazırlayır: Əlisa Nicatın adı var?

AYB yeni siyahı hazırlayır: Əlisa Nicatın adı var?

Ötən il dekabr ayında tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi durumu sosial şəbəkədə müzakirə olunan mövzulardan idi.

Belə ki, yüzlərlə əsər müəllifi Əlisa Nicat tədbirlərin birində evinin soyuq olduğunu, mənzili isitmək üçün qaz pulunu çatdıra bilmədiyini demişdi.

Bundan sonra yazıçının üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən təqaüd almaması qabardılıb və filosofa kömək üçün yardım kampaniyasına başlanılıb. Yazıçının hesabına yardım çərçivəsində xeyli pul toplanıb.

Həmin vaxt Azərbaycan Yazıçılar Birliyindən (AYB) saytımıza bildirmişdilər ki, bu ilin aprel ayından yazıçıya təqaüd veriləcək.

AYB ilə əlaqə saxlayıb təqaüdlə bağlı hazırlığın hansı mərhələdə olduğu ilə maraqlandıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza Cebhe.info-ya açıqlamasında bildirdi ki, bununla bağlı iclasımız olacaq:

“Hələ sənədlər hazırlıq mərhələsindədir. Bununla bağlı iclas çağrılacaq və siyahı müzakirə olunacaq”.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Prezident təqaüdü üçün ərizə ilə quruma müraciət etməlidirlər.
Həmin ərizələr içərisindən 70 nəfər seçilərək, onlara il ərzində təqaüd verilməsi təmin olunur. Hər il 20 gənc yazara 200 manat, 50 yaşlı yazara isə 300 manat məbləğində təqaüd hesablanır.

Əgər Əlisa Nicata təqaüd verilsə, yazıçı-filosof bir il ərzində AYB-dən 300 manat məbləğində Prezident təqaüdü alacaq.

Günay Şahmar
Cebhe.info