Bakıda Rüstəm İbrahimbəyovun ev muzeyi açılacaq

Bakıda Rüstəm İbrahimbəyovun ev muzeyi açılacaq

Bu gün Azərbaycanın Xalq yazıçısı, dramaturq, ssenarist və rejissor, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyovun 85 illik yubileyi qeyd olunur.

Modern.az-ın məlumatına görə, onun qızı, aktrisa, rejissor və ssenarist Fatimə İbrahimbəyova TASS-a bildirib ki, Bakıda Xalq yazıçısının muzeyinin açılışı planlaşdırılır.

O qeyd edib ki, yubiley ilində onun kitablarının Azərbaycan dilinə tərcüməsi və retrospektiv nümayişləri də planlaşdırılır.

“Planlar çoxdur, ümid edirəm ki, gələcəkdə onun muzeyini yaratmaq mümkün olacaq. Biz hər vəchlə bunun üzərində işləyirik. Mən bunu Rusiyada etmək istərdim, amma Bakıda təşkil etmək daha asandır. Atamın kitabları çıxır, biz türk dilinə tərcümə etmişik, indi ikicildlik Azərbaycan dilində çıxacaq. Bakıda bu ikicildliyin təqdimatını edəcəyik. Vaxtilə “Azərbaycanfilm”də çəkilmiş, bərpa edilmiş bəzi filmlər var. Bunlar rejissor Rasim Ocaqovun çəkdiyi məşhur filmlərdir”, - Fatimə İbrahimbəyova deyib.

Qeyd edək ki, R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.

"Cebhe.info"