Maşınlar şirkətlərin əlində qalıb:Satış dayanıb

Maşınlar şirkətlərin əlində qalıb:Satış dayanıb

2024-cü ilin yanvarında Azərbaycana 113 milyon 420 min dollar dəyərində 6 min 191 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal olunub.

2023-cü ilin yanvar ayı ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsində 10,5 % və ya 10 milyon 800 min dollar artıb, miqdar ifadəsində (say) 690 ədəd və ya 10 % azalıb.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, minik avtomobillərinin idxalı ötən ilin yanvarında 6 min 458 ədəd ikən, 2024-cü ilin yanvar ayında 5 min 643 ədəd təşkil edib.

Yanvarda elektromobillərin idxalında isə artım müşahidə olunub.

Maraqlıdır, maşın bazarında durğunluq yaşanır?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu, normal haldır:

"Avtomobillər ölkəyə hər ay eyni səviyyədə gəlmir, ola bilər ki, bir ay çox, digər ay az gəlsin. Ötən ilin avqust ayından noyabrın sonunadək bazarda bir qədər durğunluq olub. Bununla yanaşı Azərbaycanda rəsmi fəaliyyət göstərən avtomobil diller və disbüterlərinə ciddi zərər dəyib.

Bu nə ilə əlaqəlidir? Bilirik ki, günümüzdə Çində nəqliyyat vasitələri, xüsusilə minik avtomobilləri istehsal olunur və onlar müxtəlif ölkələrə daşınır. Bu avtomobillər nizamsız qaydada Azərbaycana da gətirilir.

Rəsmi servis mərkəzləri açılmadan həmin modellər ölkəmizə daşınır. Vətəndaşlar ucuz qiymətə həmim avtomobilləri alırlar, lakin sonrakı mərhələdə bəlli olur ki, bu avtomobillər müasir ekoloji qanunvericiliyin Avropa standartlarına cavab vermir".

Ekspert qeyd edib ki, Çindən gətirilən bu avtomobillər rəsmi dillerlərin satışına çox mənfi təsir edir:

"2022-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən rəsmi avtomobil satan şirkətlər zərərə uğrayıblar, stokda xeyli sayda avtomobillər qalıb. Bununla bağlı ciddi iş görülməlidir, ölkədə rəsmk servisi olmayan avtomobillər ölkəyə gətirilməməlidir. 

Gələcəkdə bu, bizə problem yarada bilər. Çünki həmin avtomobillərin istismar müddəti bitdikdən sonra onların zərərli akkumulyatorlarını utilizasiya problemləri ortaya çıxacaq".

Ləman İsmayıl
"Cebhe.info"