Bahalı işlərlə tanınan azərbaycanlı hüquqşünas Moskvada saxlanıldı: YENƏ QALMAQAL

Bahalı işlərlə tanınan azərbaycanlı hüquqşünas Moskvada saxlanıldı: YENƏ QALMAQAL

Rusiyada tanınmış azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada dələduzluq işi ilə bağlı saxlanılıb. O, pul müqabilində Aleksey və Yelena Blinovskiləri vergi ödəməməyə görə cinayət məsuliyyətindən azad etməyi vəd edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"İK-nın hərbi istintaq orqanları tərəfindən keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi açılıb", - deyə o bildirib.

İstintaq müəyyən edib ki, Paşayev 2024-cü ilin fevralında Moskvada Aleksey Blinovski ilə şəxsi görüş zamanı onu inandırıb ki, külli məbləğdə pul müqabilində Blinovski və onun həyat yoldaşı Yelenaya qarşı əvvəllər açılmış vergi ödəməmə işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev Blinovskidən pul alıb.

Onun barəsində qətimkan tədbiri seçilməsi məsələsi həll olunur. Paşayev qəza törədərək bir nəfərin ölümünə səbəb olan aktyor Mixail Yefremovun vəkili kimi tanınıb. Sonradan o, vəkillik statusundan məhrum edilib. O zaman Paşayev barəsində Yefremovun məhkəməsində yalan ifadə verən şahidlərlə bağlı yoxlama aparılırdı.

Məlumat üçün bildirək ki, bundn əvvəl Moskvaətrafının Mıtişinski şəhər məhkəməsi beynəlxalq hüquq şirkəti "Elman Qrup”un başçısı Elman Paşayev barəsində iki aylıq həbs qərarı vermişdi. İstintaqın versiyasına görə, E.Paşayevin müştərisi keçmiş moskvalı, amma hazırda ABŞ vətəndaşı olan SvetlanaTverskayadır.

2015-ci ildə S.Tverskaya barəsində, Moskvanın mərkəzində iki boş yaşayış binasına reyder basqınında ittiham üzrə beynəlxalq axtarışa elan edilmişdi. 2017-ci ildə o, Birləşmiş Ərəb Əmirliklərində saxlanılmış və Rusiyaya ekstradisiya edilmişdi. 2018-ci ilin fevralında E.Paşayev məhkəmənin, müştərisi barədə həbs qərarını ev dustaqlığına dəyişdirməsinə nail olmuşdu. Sonra hüquqşünas "Dolqi.ru” portalının yaradıcısı Pavel Daşevskiyə, guya Tverskaya ilə bağlı məsələdə sözünün arxasında dayanmadığı üçün, təzyiqlər göstərməyə başlayıb və ondan 230 min dollar tələb edib. Elə bu tələblə də polisə müraciət edib və nəticədə zorla pul qoparmada şübhəli bilinərək saxlanılıb.

Mətbuat yazır ki, bu, Elman Paşayevin fiqurantı ola biləcək yeganə iş deyil. Hüquq-mühafizə orqanlarında qalmaqallı hüquqşünasın keçmiş müştərilərindən daxil olan çoxlu ərizələr var.

Şikayətçilər E.Paşayevi öz xidmətləri üçün yüksək qonorarlar götürməkdə, amma məhkəmədə işi udmamaqda ittiham edirlər. Onun bir iş üçün qiyməti 5 milyon rubldan başlayıb.

İndiyə qədər o, müştəriləri aldatdığına, onlara yalan vədlər verdiyinə, KİV-də həqiqətə uyğun olmayan informasiyalar yaydırdığına, dələduzluğa və s. görə üç dəfə vəkil statusundan məhrum edilib. Bundan sonra hüquqşünas "Elman Qrup”u yaradıb. 

Xəzər

"Cebheinfo.az"