Cari ildə aktiv kommersiya qurumlarının sayı 14% artıb

Cari ildə aktiv kommersiya qurumlarının sayı 14% artıb

Cari ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.452.702 vergi ödəyicisinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.

APA-Economics İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9%, o cümlədən fiziki şəxslərin sayı 6,5%, hüquqi şəxslərin sayı isə 9,7% artıb.

Dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 167,6 min təşkil edib, onlardan 105,4 mininin fəaliyyəti aktiv olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayı 10,4%, aktiv kommersiya qurumlarının sayı isə 14% artıb.

2023-cü ilin iyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,3%-i məhdud məsuliyyətli cəmiyyət, 1,3%-i səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və s. formalarda yaradılıb.

İyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32.490 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% artım deməkdir.

Yanvar-may aylarında 6.945 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 88,3%-i yerli investisiyalı, 11,7%-i xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,6%-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,3% təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.

Cebhe.info