Fərid Səfərlinin yaxın dostu ilə son yazışması: "Qayıtmaq üçün..." 

Fərid Səfərlinin yaxın dostu ilə son yazışması: "Qayıtmaq üçün..." 

İranda casusluq ittihamı ilə həbs edilən Fərid Səfərlinin dostu ilə yazışması yayılıb.

Cebhe.info xəbər verir ki, bu yazışmaları Fəridin anası Dilarə Əsgərova feysbuk hesabında paylaşıb.

O, oğlunun dostu ilə yazışmaların paylaşaraq oğlunun İrandan qayıtmaq üçün dostundan bilet almasını xahiş etdiyini qeyd edib:

"Normal düşünə bilən hər bir adam bilir ki, bir ölkəyə casus göndərəndə onun gediş-dönüş bileti göndərən tərəfindən qabaqcadan alınır. Aşağıdakı yazışmalar Fəridlə dostu arasındadır. Qayıtmaq üçün bilet almağını xahiş edir, bilet alacağı saytda kartı işləmədiyi üçün dostu da bileti alır. Yazışma martın 3-də olub".

Xatırladaq ki, bu il Almaniyanın Yena Universitetində magistr təhsilini başa vuran Fərid Səfərli fevral ayının 20-si Almaniyadan İrana gedib.

Fərid Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə martın 9-da nota ünvanlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib ki, çoxsaylı müraciətlərdən sonra İran tərəfi notaya cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib.

Günay Şahmar
Cebhe.info