İsrail Prezidenti İlham Əliyevi təbrik edib

İsrail Prezidenti İlham Əliyevi təbrik edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Cebhe.info-nun xəbərinə görə, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İsrail Dövləti və vətəndaşları adından Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizin müdrik rəhbərliyinizlə müasir Azərbaycan güclü, firavan dövlətə çevrilib və bütün regionda uğurlu iqtisadi inkişafın nümunəsi, sabitliyin sütunu hesab olunur. Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik.

İsrail ilə Azərbaycanın strateji müttəfiqliyi və tərəfdaşlığı illər ərzində daha da güclənmiş, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanmışdır.

Azərbaycan Respublikasının İsrail Dövlətində səfirlik açmaq barədə Sizin müdrik qərarınız məni sevindirmişdir. Səfirliyin açılması Sizin atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd olunduğu ilə təsadüf edib. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın əsasını qoymuşdur.

Gözəl ölkəniz barədə, onun tarixi və mədəniyyəti, Nizami Gəncəvinin poeziyası, Azərbaycanın təbiəti və görməli yerləri, xalqınızın istiqanlılığı və qonaqpərvərliyi haqqında çox eşitmişəm. Buna görə də həyat yoldaşım Mixal və mən gözəl ölkənizə səfəri, Zati-alinizlə, həmçinin birinci xanım Mehriban Əliyeva ilə görüşümüzü səbirsizliklə gözləyirik.

Azərbaycanın bu mötəbər bayramı münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi Sizdən bir daha xahiş edirəm. Cənab Prezident, bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram".

Cebhe.info