Nə polis gəlir, nə təcili yardım: Bakıda yarım milyonluq problem

Nə polis gəlir, nə təcili yardım: Bakıda yarım milyonluq problem

Azərbaycanda  sənədsiz evlərin inventarlaşdırılması təklif edilir.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.  Məruzədə qeyd edilir ki, Ombudsman əvvəlki illik məruzələrində ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən, birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsini təklif edib.  

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Bakı və Abşeron ərazisində yüz minlərlə, bəzi rəqəmlərə görə 500 minə yaxın çıxarışı (“kupça”) olmayan və yaxud çıxarış ala bilməyən fərdi həyət evləri var:

“Bunların bir qismi Sovet dövründən qalsa da, böyük bir hissəsi 1990-cı illərdən bu günə qədər tikilib. Artıq Bakı şəhəri fərdi yaşayış evləri üzərindən Xırdalanla, Xırdalan şəhəri isə fərdi yaşayış evləri üzərindən Sumqayıt şəhəri ilə birləşib. Lakin sənədləşmələrə baxsaq, çox ciddi problemlər görərik.

Hətta Sovet dövründən qədim yaşayış massivləri olan Bakının Yasamal rayonu, Alatava, Köhnə Yasamal, Papanin və s. digər ərazilər var ki, təqribi 80-100 il bundan əvvəl yaşayış məntəqələri kimi formalaşsa da, lakin həmin ərazilərdə əksər mənzillərdə çıxarışlar yoxdur. Yəni sual yaranır ki, bu evlər neft buruqlarının, dəmir və magistral avtomobil yollarının yaxınlığında, su və qaz kəmərləri keçən ərazilərdə, eləcə də yüksək gərginlikli elektrik xətlərinin altında tikilməyib, bəs niyə çıxarışı yoxdur?” 

Ekspert qeyd edib ki, çıxarış ala bilməyən digər ərazilərdə torpaqların təyinatı dəyişilməlidir: 

“Yəni bir zamanlar kolxoz və sovxozlar, sonra yerli icra hakimiyyətləri, daha sonra isə bələdiyyələr tərəfindən vətəndaşlara ev tikintisi üçün torpaq sahələri ayrıldı və vətəndaşlar onlara verilmiş sənəd, sərəncam və qərara görə fərd həyət evləri tikərək yaşamağa başladılar. Onlara verilən sənədlərdə fərdi yaşayış evinin inşası üçün qeyd olsa da, bu evlər tikilib başa çatandan sonra bəlli oldu ki, bu ərazilərin təyinatı digər təyinatlı torpaqlar imiş.

Təbii ki, yaşayış evləri üçün rəsmi qurumlar tərəfindən vətəndaşlara torpaq sahələri ayrılırsa, mütləq şəkildə onun təyinatı da yaşayış məntəqələrinə çevrilməlidir. Zamanında çevrilmədiyinə görə bu günə qədər bu cür problemlər var ki, vətəndaşlar da öz mülkiyyət hüquqlarını formalaşdıra bilmirlər, yəni evlərinə çıxarış ala bilmir və qeydiyyata düşə bilmirlər. Başqa bir tərəfdən isə həmin ərazilərin çıxarışlarının olmaması səbəbindən dövlət əmlak və torpaq vergisindən yararlana bilmir.

Həmin əmlaklar çıxarışı olmadığına görə ipoteka, bank predimentinə çevrilə bilmir. İstənilən halda burada uduzan həm vətəndaş, həm iqtisadiyyat, həm də dövlət büdcəsidir. Bu məsələ illərdir ki, işıqlandırılırsa da, hər il sənədləşmələrlə bağlı yeni qanunların qəbulu, müxtəlif təkliflər söylənilsə də, nəticə etibarilə gözəçarpan dəyişiklik baş verməyib. Düşünürəm ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da yaxın aylarda əmlak amnitisiyası baş verər”. 

O, mənzillərdə ünvan olmaması məsələsinə də toxunub:

“Yaşayış massivləri tikilsə də, qeyri-yaşayış obyektləri fəaliyyət göstərsə də, əksər hallarda onların ünvanları olmadığına görə vətəndaşlar öz mənzillərinə qeydiyyata düşə bilmir,  vergi-uçot və kommunikasiya xətlərinin çəkilməsi kimi məsələlərdə problem yaşayırlar. Bəzi ərazilərə çıxarış verilə bilməz, amma hər hansı bir fəaliyyət növü ilə istifadə olunan mənzillərə ünvanlar vaxtında verilməlidir. Çünki təcili yardım, polis, taksi çağırdıqda ünvan olmur deyə çətinlik yaranır. Bu baxımdan ünvanların verilməsi artıq çox gecikdirilmiş məsələdir, amma hər zaman aktualdır”. 

Məsəlı ilə bağlı deputat Ceyhun Məmmədov isə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, belə bir addımın atılmasına çoxdan ehtiyac var:

“Bu məsələ uzun müddətdir ki, cəmiyyətdə çox geniş müzakirə olunur və narahatlıqlar yaradır. Belə bir qərarın qəbul edilməsi ilə biz bu sahədə uzun illərdir mövcud olan problemlərin həllinə nail ola bilərik. Buna görə də mən bu qərarı vacib hesab edirəm. Həm sənədsiz evlər qeydiyyata alınmalı, həm də ünvan məsələsi öz həllini tapmalıdır. Bu addımın atılması istiqamətində ciddi işlər görülməlidir”. 

Ləman İsmayıl 
“Cebhe.info”