Kürdə batan ata və qızı yanaşı dəfn ediliblər

Kürdə batan ata və qızı yanaşı dəfn ediliblər

Aprelin 12-də Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti tapılıb. 

Cəsəd çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Məsələ ilə bağlı Zərdab rayonu Qorubağı kənd bələdiyyəsinin sədri Qarayev Rauf "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ata və qızın cəsədi tapıldıqdan sonra Zərdab rayon Prokurorluğu tərəfindən cəsədlər üzərində müayinə aparılıb: 

"Müayinədən sonra evə gətirdilər. Dünən dəfn mərasimi oldu. Ata və qızı Ağcabədi rayonu, Nəcəfqulubəyli kənd qəbirstanlığında yanaşı dəfn olundular". 

Qeyd edək ki, Vaqif Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gedib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub. Aprelin 19-da S.Süleymanlının atası Süleymanov Vaqif Tahir oğlunun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Ləman İsmayıl 
"Cebhe.info"