Rövşən Binəqədili “Qarabağ”a mahnı yazır: “Tezliklə...”

Rövşən Binəqədili “Qarabağ”a mahnı yazır: “Tezliklə...”

Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ” olub.

“Köhlən atlar” 11-ci dəfə çempion olmağı bacarıb. Bununla da, Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə bu uğura nail olub. 

“Qarabağ”ın Premyer Liqada çempion olmasının və Avropada tarixi bir mövsümü geridə qoymasının ardından bir məsələ maraqla gözlənilir. Belə ki, tanınmış müğənni Rövşən Binəqədilinin “Qarabağ”a mahnı bəstələyəcəyini açıqlaması azarkeşlərin həyəcanına səbəb olub. Klubun azarkeşləri mahnının nə zaman təqdim olunacağını gözləyirlər. 

“Cebhe.info” bu suala cavab tapmaq üçün Rövşən Binəqədili ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bununla bağlı hazırlıqları davam etdirdiyini söyləyib:

“Bu mövsüm hər birimizi qürurlandıran “Qarabağ” üçün mahnı bəstələyəcəyəm. Bununla bağlı çalışmalarım davam edir. Tezliklə azarkeşləri sevindirəcəyəm. İnşallah, tez bir zamanda “Qarabağ” üçün yazacağım mahnı hazır olar və təqdim edərəm”.

Xatırladaq ki, Rövşən Binəqədili 24 fevralda “Cebhe.info”-ya açıqlamasında “Qarabağ” futbol klubuna mahnı bəstələmək istədiyini açıqlamışdı:

“Avropada tarix yazan “Qarabağ” bizim fəxrimizdir. Onlar hər birimizi sevindirdi. Mən də vətənpərvər bir müğənni kimi “Qarabağ” futbol klubu üçün mahnı oxumaq istəyirəm. Niyə də olmasın? Hətta artıq bunu özümə borc bilirəm”.

Elmir Mustafa
“Cebhe.info”