Azərbaycanda ailələr necə dolanacaq? 

Azərbaycanda ailələr necə dolanacaq? 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyard 281 milyon dollar məbləğində pul baratları daxil olub. 

Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”da məlumat yer alıb.

Həmçinin qeyd edilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,9 faiz azdır.

Qeyd edək ki, ölkə əhalisinin bir qisminin gəlirini məhz xarici, xüsusilə də qonşu ölkələrdən göndərilən pul köçürmələri təşkil edir. Yəni həmin ölkələrdə çalışan vətəndaşlar davamlı olaraq pul göndərməklə ailələrinin dolanışığını təmin edirlər. Ancaq son dövrlərdə həmin pul köçürmələrində azalmalar müşahidə edilir. Bu isə ölkə əhalisinin maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Onu da qeyd edək ki, bu gün bölgələrdə iş yerlərinin az olması da vətəndaşları xarici ölkələrdən göndərilən pulun ümidinə qoyub.

Pul köçürmələrinin azalmasının əsas səbəblərindən biri kimi isə həmin ölkələrdə iqtisadi problemlər, yerli valyutanın məzənnəsinin aşağı düşməsi və s. amillər göstərilir.

Bu gün ölkəmizdə mövcud bahalaşmanı nəzərə alsaq, əhalinin sosial vəziyyətinə daha da mənfi təsir edən amil kimi pul köçürmələrinin azalması nə vaxta qədəd davam edəcək? 

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, Azərbaycana pul köçürmələri əsasən Rusiya və Türkiyədən həyata keçirilir: 

“Hazırda Rusiyadakı vəziyyət məlumdur, məhdudiyyətlər var, Türkiyədə isə böhran özünü göstərir. Türkiyədə çalışan azərbaycanlıların da gəlirləri azalıb. Yəni hazırda Rusiyada sabitlik yoxdur və yaxın ən azı 1 ildə belə olacaq. Türkiyədə yaxın vaxtlarda iqtisadi dirçəliş gözlənilmədiyinə görə pul köçürmələri ilə bağlı indiki vəziyyət davam edəcək.

Həmin ölkələrdən Azərbaycana göndərilən vəsait azaldıqca, onların ailələri üçün də çətinlik yaranır. Son zamanlar Azərabaycanda sosial vəziyyət pisləşib. İnsanların sosial vəziyyətinin pisləşməsinin bir səbəbi də elə budur. Bu problemin həlli kimi biz onsuz da ona təsir edə bilmirik”. 

Ekspert bildirib ki, ölkədə sahibkarlıq üçün normal şərait yaradılmalıdır: 

“Bunu etmək lazımdır ki, sahibkarlıq inkişaf etsin, iş yerləri artsın, əhali pul qazansın. Bu da yoxdur, görünmür. Vergi Məsəlləsinə də dəyişikliklər gözlənilir. Artıq bu layihə parlamentdədir. Demək olar ki, sahibkarlığın axırına çıxan qanun layihəsidir. Bu baxımdan da müsbət heç nə gözləmirəm”. 

Nigar Abdullayeva 
Cebhe.info