Azərbaycanda çörək ucuzlaşır - QİYMƏT

Azərbaycanda çörək ucuzlaşır - QİYMƏT

Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlərin verdiyi  məlumata görə, hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 24,6-26,7 manat arasında dəyişir.  

Yerli medianın məlumatına görə, təxminən 25 gün əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişib. 

Yəni topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb. Hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 24,6 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 26,7 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satır. Ötən ilin yanvar ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 37-38,5 manat arasında dəyişib. Bu ilin aprel ayına kimi olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 33,5% ucuzlaşıb. Ötən ilin əvvəlindən bu günə kimi unun qiymətində 30%-ə yaxın ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik olmayıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, ötən ilin yanvar ayında 1 kiloqram çörəyin qiyməti 1,34 manat olub. Bu ilin aprel ayının əvvəlinə olan rəsmi məlumatda isə göstərilir ki, 1 kiloqram çörəyin qiyməti 1,19 manat təşkil edib. Açıqlanan rəsmi məlumatdan da göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi 1 kiloqram çörəyin qiyməti cəmi 11% ucuzlaşıb.

Qeyd edək ki, son ucuzlaşmadan sonra  çörək bazarında müxtəlif qiymətlər müşahidə edilir. Çəkisindən asılı olaraq ən ucuz çörək-50 qəpik qiymətində olan zavod çörəyidirsə,  ən baha qiymətə-1,20 manata olan təndir çörəyidir. Əgər unun qiymətində ötən illə müqayisədə 30 faizə qədər bahalaşma müşahidə olunursa, o zaman çörəyin qiymətinin ucuzlaşması gözləniləndirmi?  

İqtisadçı-eskpert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, çörək, un istehsalçıları, ərzaq buğdası idxalçıları inhisarçıdır: “Bu inhisarçılara  hökumət nəzarət etməlidir və edir. İndi unun qiymətinin ucuzlaşması onların arzusu ilə həyata keçir? Xeyr. 

Pərdəarxası olaraq hökumət onların qarşısında məsələ qaldırır ki, buğdanı 230 dollara alırsansa, onun 50 kiloqramı niyə bu qədər baha olmalıdır? Un nəyə görə maya dəyərindən artıq satılmalıdır? Bu kimi məsələlər qoyulur. Ona görə həmin şirkətlər məcburi şəkildə unun qiymətini ucuzlaşdırır. Növbəti mərhələdə guman edirəm ki, yenidən zavod çörəyinin ucuzlaşması məsələsi gündəmə gələcək. Bu dəfə zavod çörəyinin ucuzlaşması ilə çörək bazarında bir dönüş yaranacaq. Çünki zavod çörəyi hazırda 50-55 qəpiyə satılır. Həmin qiyməti 40-45 qəpiyə endirsələr, digər növ çörəklərdən kifayət qədər ucuz olacaq. 

Hazırda təndir çörəyi 70 qəpik, lavaşın bir ədədi 12-15 qəpik, bəzi yerlərdə 20 qəpikdir. Halbuki lavaşın maya dəyəri heç 6-7 qəpik də deyil. Yəni hamı ucuzlaşan zavod çörəyi almağa başladıqdan sonra digər çörək növlərinin alış dövriyyəsi aşağı düşəcək.

Məcbur qalıb onlar da qiymətləri aşağı salacaqlar". Ekspert deyib ki, bazarda rəqabət, şirkətlərin isə rəqibi yoxdursa, hökumət ədalətli qiymət formalaşdırmaq üçün mütləq qiymətlərə nəzarət etməlidir:

"Ən yaxşı hal odur ki, bazarda rəqabət yaransın. Rəqabətli bazar qiymətləri özü tənzimləsin, optimal qiyməti formalaşdırsın. Bazarın buna imkanı, rəqabət yoxdursa,  mütləq hökumət buna nəzarət etməlidir. Bu nəzarət də hiss olunur”.

Ekspertin sözlərinə görə, unun qiyməti ucuzlaşırsa, deməli, çörəyin maya dəyəri ucuzlaşır:

“Bu zaman çörəkçinin qarşısında məsələ qaldırılacaq ki, çörək niyə bu qədər baha olmalıdır?  Fikrimcə, qarşıdakı aylarda çörəyin qiyməti düşəcək. Bu il dünya bazarında buğda həcmləri tələbatdan təxminən 20 faiz artıq olacaq. Bu da buğdanın dünya bazarında yenidən ucuzlaşmasına səbəb olacaq. Nəticədə bu, çörəyin maya dəyərini bir qədər də ucuzlaşdıracaq. Yaya doğru çörək və digər un məmulatlarında ucuzlaşma müşahidə edəcəyik”.

Nigar Abdullayeva
“Cebhe.info”