Bankların dollar rəqabəti niyə artır?

Bankların dollar rəqabəti niyə artır?

Xarici valyutaya investisiya qoyarkən ən sərfəli variantı tapmaq mühüm addımdır.

Son zamanlar Azərbaycanda banklar arasında dollar depozitləri ilə bağlı rəqabət artmaqdadır. Dollar əmanətində rəqabət elə güclənib ki, banklar hətta əmanətlərin sığortalaniması üzrə müəyyən edilmiş zəmanət çərçivəsini də (2,5%) aşmağa başlayıblar. 

Dollar əmanətləri üzrə şərtlərin araşdırılması hansı bankın daha cəlbedici təklif etdiyini öyrənməyə imkan verir. Depozitlər üzrə faiz dərəcələri depozitin növündən, müddətindən və ödəmə tezliyindən, hətta bəzi banklarda depozitin məbləğindən də asılı olaraq dəyişir. Hər bir bankda bu göstərici fərqlidir. 

USD valyutasında yüksək faiz dərəcəsi «AccessBank» və «Kapital Bank»da nəzərə çarpır. «AccessBank»ın “Müddətli Depozit” məhsulu daxilində 23.04.2024 tarixdən etibarən başladılan aksiya çərçivəsində 4,5%-dək gəlir qazanmaq mümkündür. Qeyd edək ki, aksiya 01.09.2024-cü il tarixinədək qüvvədədir. 

«Kapital Bank»ın müştərilərə təqdim etdiyi «Kapital» depoziti məhsulunda isə 12 ay müddətinə 50 000 USD (daxil olmaqla) məbləğinədək rəsmiləşdirilən USD depozitlərinə aylıq əsaslarla faizlərin ödənişi zamanı 3,9% gəlirlilik, müddətin sonunda faizlərin ödənişi zamanı isə 4% gəlirlilik hesablanacaq. Bəzi banklar dollar əmanətlərinə o qədər də həvəs göstərmirlər – belə banklarda dollar əmanətinin gəlirliyi 1%-dən də aşağıdır. 

Banklar arasında dollar depozitləri ilə bağlı rəqabətin artması devalvasiya təhlükəsindənmi xəbər verir? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, banklar arasında dollar depozitləri ilə bağlı rəqabətin artmasının devalvasiyaya aidiyyəti  yoxdur:

“Çünki dollar depoziti qəbul etməklə onlar onsuz da devalvasiya riskini bağlamırlar. Dollar depoziti qəbul etmək öhdəlikdir.

Birincisi, bu, bütün banklarda belə deyil. Ancaq bəzi banklar dollar depoziti üzrə faizi qaldırır. Bu, o deməkdir ki, o bankların ucuz pula ehtiyacı var”. 

Ekspert qeyd edib ki, milli valyutada əmanət 12 faizlə yığılır ki, bu da banklara sərf etmir: 

“Ona görə də onlar dollar depoziti qəbul edirlər. Fikrimcə, bu, yalnız bankların pula ehtiyacından doğur. Bəzi bankların pulu çoxdur, bəzilərində isə əksinə, pul çatmır. O zaman bu üsula üstünlük verirlər”.
 
Nigar Abdullayeva
"Cebheinfo.az"