Dünya Bankının Azərbaycanla əməkdaşlıq planı müzakirə edilib

Dünya Bankının Azərbaycanla əməkdaşlıq planı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Bankın 2023-2026-cı illərdə Azərbaycanla əməkdaşlıq planını müzakirə edib.

Bunu nazir "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Dünya Bankı ilə ölkəmizin iqtisadi əməkdaşlığının gündəliyində olan məsələlər, Bankın hazırladığı investisiya layihələri, 2023-2028-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasının növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda isə bildirilir ki, tərəflər Dünya Bankının dəstəy iilə Azərbaycanda reallaşdırılan layihələr və təşəbbüslər, potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb. Dünya Bankı ilə tərəfdaşlığa xüsusi önəm verildiyi, müxtəlif istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, Bankın ölkəmizdə həyata keçirilən mühüm layihələrə göstərdiyi davamlı dəstəyinə görə təşəkkür ifadə olunub.

Görüşdə ölkəmizin yeni transformasiya dövründə olduğu vurğulanaraq aparılan iqtisadi islahatlar, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində əks olunan strateji istiqamətlər üzrə görülən işlər barədə məlumat verilib. S.Molineus Azərbaycanla səmərəli əlaqələri diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlərə dair fikirlərini bölüşüb.

Cebhe.info