Əhali Bakıya ona görə axın edir ki… - SƏBƏBLƏR

Əhali Bakıya ona görə axın edir ki… - SƏBƏBLƏR

Dünyada ən zəngin ölkələr müəyyən edilərkən ilk növbədə ümumi daxili məhsul nəzərə alınır.

üDM-nin müəyyən edilməsində ölkənin iqtisadi, ixrac gəlirləri, istehlak nisbəti və bir ildə istehsal olunan mal və xidmətlərin dəyəri rol oynayır. Bu dəyərlərin ölkə əhalisinə bölünməsi ilə adambaşına düşən milli gəlir əldə edilir. 2023-cü ildə adambaşına düşən üDM-yə görə dünyanın ən zəngin ölkələri müəyyənləşib. Avropa İttifaqının üzvləri arasında ən kiçik ölkələrdən biri olan Lüksemburq dünyanın ən zəngin ölkəsidir. Bank işinin inkişaf etdiyi ölkə gəlirlərinin böyük hissəsini maliyyə sektorundan əldə edir. Dəmir-polad sənayesi baxımından da inkişaf etmiş Lüksemburq Avropa Birliyi və ABŞ-a dəmir ixrac edir. İrlandiya dünyanın ən zəngin ölkələri arasında 2-ci yerdədir ki, ölkə iqtisadiyyatının əksəriyyəti yüksək texnologiya sənayesinə əsaslanır.

Dünyanın ən zəngin ölkələri arasında 3-cü yerdə olan, qarışıq iqtisadi modelə əsaslanan Norveç iqtisadiyyatı sənaye inqilabından əvvəl balıqçılıq üzərində qurulmuşdu. Şimal dənizindəki neft ehtiyatlarına nəzarəti ələ keçirdikdən sonra ölkə iqtisadiyyatı neft hasilatından yararlanır. Dünyanın ən zəngin 4-cü ölkəsi kimi siyahıda yer alan İsveçrə iqtisadiyyatı inkişaf etmiş sənaye sektoruna əsaslanır. Sənaye sektorunda aparıcı sahə isə saat sənayesidir. Qətər dünyanın 5-ci, Sinqapur 6-cı ən zəngin ölkəsidir.

Beləliklə, göründüyü kimi dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatında sənaye əsas rola malikdir. Azərbaycan iqtisadiyyatında isə bir vaxtlar sənaye mühüm əhəmiyyətə malik olsa da, son illər bu sahədə durğunluq özünü göstərməyə başladı. Belə ki, hələ sovet dövründə regionlarda çox sayda sənaye müəssisələri mövcud olsa da sonralar həmin müəssisələrin əksəriyyəti müxtəlif səbəblərdən fəaliyyətini dayandırdı. Bu gün ölkədə çox az sayda sənaye müəssisəsi fəaliyyət göstərir. Hazırda Bakıda yaşayan əhalinin sayında kəskin artım və bölgələrdən əhalinin paytaxta üz tutmasının əsas səbəbi kimi yerlərdə işsizliyin artması göstərilir ki, bu da sənaye müəssislərinin olmaması ilə bağlıdır. Bu il Azərbaycanda sənaye istehsalının 86,6 faizi Bakının payına düşüb. Mövcud vəziyyət onu göstərir ki, əhalinin bölgələrə üstünlük verməməsinin əsas amili yerlərdə işlə təminatdır ki, bu da sənayenin inkişafından keçir.

İqtisadçı-ekspert Razi Abbasbəyli mövcud problemlə bağlı Cebhe.info-ya bildirdi ki, 2019-cu ildən bu günə qədər sənaye istehsalında müəyyən artım olub, ancaq ümumi iqtisadi göstəricilərimizin fonunda sənaye istehsalı ilə bağlı 2-3 faizdən artıq göstəricilər müəyyən olunmayıb:

"Ölkədə sənaye ilə bağlı istehsal göstəriciləri o qədər kiçikdir ki, onun paytaxtda, yaxud bölgələrdə olması, paylaşdırılıb bölüşdürülməsi məsələsindən danışmaq özü də bir qədər uyğunsuzdur. ümumiyyətlə, regionlarda sənaye istehsalı çox aşağı səviyyədədir. Qoyulmuş investisiya layihələrinə, məsələn, İsmayıllıda velosiped zavodu, Mingəçevirdə yaradılan azad iqtisadi zonada dövlət tərəfindən bir sıra kiçik istehsal müəssisələri üçün investisiya proqramları yönəldilmişdi. Ölkənin bir sıra regionlarında investisiya proqramları yönləndirilsə də, sənaye istehsalı göstəriciləri kifayət qədər azdır. Yalnız Bakı və Sumqayıt iqtisadi rayonları üzrə az da olsa, iqtisadi göstəricilər var.

Xüsusilə də Sumqayıt Texnologiyalar Parkı, yaxud da yarımfabrikat halında sənaye məhsullarının istehsalı mövcuddur. Bunlar da strateji əhəmiyyətli deyil, qida sənayesi, yüngül sənayesi ilə bağlılığı var. Məsələn, bəzi məhsulların qablaşdırılması üçün qabların istehsalı ilə bağlı xammal xaricdən gətirilir. Yalnız Azərbaycanda həmin qida məhsullarının qablaşdırılması üçün sənaye üsulu ilə bir sıra məhsullar istehsal olunur. Bütün bunlar o qədər aşağı göstəricidir ki, həcmi 2 milyard manatdan yuxarı deyil".

Ekspertin sözlərinə görə, qida istehlak edən əhalinin də kompakt və daha çox hissəsi, 2 milyon nəfərə yaxını Bakıda yaşayır, bazar da burada formalaşır:

"Xaricə ixracla bağlı sənaye istehsalı göstəriciləri 0,5 faizi keçmir. Bu göstəricilər də heç də inandırıcı deyil. Azərbaycan demək olar ki, istehsal etdiyi hər hansı bir sənaye məhsulunu xaricə çıxarmır, yox səviyyəsindədir. Bunun üçün daha doğru olan, hədəflərə yönəlik investisiya proqramları olmalı idi. Həm xammalın, həm də sənaye məhsulunu istehsalı həyata keçirilməli idi. Məsələn, Azərbaycanda geniş miqyasda pambıqçılıq təsərrüfatları var. Bu pambıqçılıq məhsullarının əyrici, mahud halına salınması, daha sonra sənayeyə yönləndirilməsi, daha sonra yüngül sənaye məhsullarının istehsalı, xüsusilə də geyim sektorunda bunu tətbiq etmək olardı.

Nəticədə sənaye göstəricilərini yüksəldə bilərdi. Ancaq təəssüf ki, 2018-2022-ci illəri əhatə edən Pambıqçılğın inkişafına dair Dövlət Proqramında bu hədəflər açıq və konkret göstərilmirdi. Pambıqçılıqdan əldə edilən xammal elə elə xammal şəklində dünya bazarlarına satışa çıxarılır. Yəni daxildə həmin xammalı sənayeyə yönəltməklə məhz özünün olan, ən azından daxili tələbatı təmin edə biləcək sənaye məhsulları istehsal edə bilərdi. Bu da sənayedə nəzərə çarpacaq inkişafa gətirib çıxara bilərdi. Təəssüf ki, hökumət bunların heç birini etmir".

Ekspert deyir ki, yerlərdə sənaye müəssisələrinin, o cümlədən pambıqçılıq müəssisələrinin fəaliyyəti mümkün idi:

"Xüsusilə də aqrar sektorla birbaşa bağlı olan konserv, şirə zavodlarının, əhatə dairəsinin genişləndirilməsi lazım idi. Məsələn, İmişli şəkər zavodu faktiki olaraq son iki ildə potensialını 70 faizə qədər itirib. Yəni istehsal qabiliyyətini itirməyə başlayıb. Bölgələrdə belə müəssisələr olsaydı, Bakıdakı urbanizasiya problemi də ortadan qalxardı. Təəssüf ki, bu istiqamətdə hökumətin atdığı adddımlar yetərli deyil. Bakıda 1 kvadratmetrə düşən adambaşı sayı kifayət qədər çoxdur. Dünyanın meqopolis şəhərləri ilə müqayisə ediləcək səviyyədədir. Bunun üçün regionlarda sənaye müəssisələri açılmalı idi. Ancaq formal və görüntü xatirinə olmamalıdır. İlk növbədə dövlət investisiyalarından vacib olan iş adamlarının cəlb edilməsi, müstəqil investisiyaların regionalara yönəldilməsinə nail olmaq lazım idi. Bir sıra obyektiv və subyektiv səbəblər var ki, Azərbaycanda iş adamları müstəqil şəkildə sənayeyə investisiya yatırmaq istəmirlər".

Nigar Abdullayeva
Cebhe.info