Ekspertdən şok proqnoz: "Neftin qiyməti 100 dolları ötə bilər”
İsrail İranın neft infrastrukturuna hücum edərsə, neft qiymətləri 20 dollar bahalaşa bilər.
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri bu fikirdədirlər.
"Goldman Sachs"ın qlobal əmtəə araşdırmalarının rəhbəri Daan Struyven ABŞ-nin məşhur “CNBC” telekanalında bildirib ki, İranın neft hasilatı uzun müddət ərzində gündə 1 milyon barel azalarsa, bu, gələn il neftin qiymətinin təxminən 20 dollar artmasına səbəb olacaq.
Bu proqnoz "OPEC+"un İranın hasilatın azaldılmasını kompensasiya etmək üçün müdaxilə etməyəcəyini nəzərdə tutur:
"Bu baş verərsə, neftin qiyməti daha zəif, bir barel üçün 10 dollardan bir qədər az artacaq".
“CNBC” qeyd edir ki, Yaxın Şərqdə təxminən bir il davam edən münaqişə ərzində regiondan neft tədarükü faktiki olaraq təsirsiz qalıb.
Lakin İranın İsrailə raket hücumundan sonra İsrail ordusunun İranın nüvə və ya neft infrastrukturuna hücumla cavab verə biləcəyi qorxusu kəskin şəkildə artıb.
Müxtəlif hesablamalara görə, İran gündə 3,4 milyondan 4 milyon barelə qədər neft hasil edir.
Məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İran-İsrail qarşıdurması qlobal neft bazarında ciddi bahalaşmaya səbəb ola bilər:
“Çünki İran böyük neft hasilatçısıdır. Bu ilin sentyabr ayının göstəricilərinə görə, İran 3 milyon 350 min barel gündəlik neft hasil edib. İran Neft İxrac edən Ölkələr Təşkilatının (“OPEC”) ilk beşliyində yer alır. İranın neft obyektlərinə hər hansı bir zərbənin endirilməsi neftin qiymətinin qalxmasına gətirib çıxara bilər.
Bazar iştirakçıları uzun müddət proqnozlaşdırdığı mənfi ssenarilər özünü doğrulda bilər. Hazırda London birjasında neftin qiyməti 79 dollardan bahadır. Halbuki 10 gün bundan əvvəl, neftin qiyməti 69 dollar 95 sent idi. İranın İsrailə raket hücumları təşkil edəndən sonra neftin qiymətində 15 % bahalaşma baş verib.
Ona görə də hazırkı durumda neftin qiyməti ilə bağlı proqnoz verəndə tələb-təklif deyil, İranla İsrail arasında qarşıdurmanın şiddətlənməsindən asılı olacaq. Birbaşa hərbi toqquşmanın baş verəcəyi təqdirdə neftin qiyməti 100 dolları da ötə bilər”.
Yunis Abdullayev
“Cebheinfo.az”