İstehsalın inkişafı təhlükədədir - Ekspert danışdı

İstehsalın inkişafı təhlükədədir - Ekspert danışdı

Cari ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.

Bildirilib ki, hesabat dövründə sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitabank” ASC, “AccessBank” QSC (AccessBank Azerbaijan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib. 

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “AccessBank” QSC və “Yelo Bank” ASC daxildir.

Maraqlıdır, sahibkarlara bu qədər güzəştli kreditlər verilir. Belə olan halda bəs yerli istehsal sahələri niyə inkişaf etmir?

Bununla bağlı “Cebhe.info”-ya açıqlama verən iqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, sahibkarlara ayrılan kreditin məbləğ nəticəyönümlü deyil:

“Bildirim ki, sahibkarlıq fəaliyyətinin davamlı inkişafı ilə bağlı 2300 yaxın layihənin maliyyələşdirilməsi həyata keçirilib. Ümumi olaraq, layihələrə ayrılmış 84 milyon manat kifayət qədər azdır. Bu, Azərbaycanın iqtisadi inkişafında əhəmiyyətli rol oynaya bilməz.

Məbləğ o qədər kiçikdir ki, sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi ilə hər hansı inkişafın baş verəcəyini gözləməməliyik. Məhz sahibkarlara ayrılan güzəştli kreditlər qısamüddətli, dayanıqlı və davamlı olmur. Belə olan halda bu kimi layihələr az gəlir vəd edir. Bu baxımdan da bu kimi vəsaitlər heç bir iqtisadi inkişafı səbəb ola bilməz.

Əgər iqtisadi inkişafın təmin olunmasına yönələn hər hansı strategiya həyata keçirilərsə, o zaman dövlət xətti ilə sahibkarlı yüksək məbləğli investisiya layihələrinə cəlb etmək lazımdır. 

Bunun özü müsbət nəticələrə gətirib çıxara bilər. Söhbət təbii ki, iki və ya üç milyard məbləğində və aşağı faizli investisiya layihələrinin maliyyələşdirilməsindən gedir. Dövlət xətti ilə sahibkarlara güzəştli kreditlər banklar vasitəsilə verilərsə, o zaman ciddi irəliləyiş müşahidə oluna bilər”. 

Yunis Abdullayev 
“Cebhe.info”