Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər?

Onlar ölkədə daha az pul xərcləyir: Niyə simicləşiblər?

Ölkədə turizmin inkişafı prioritet olsa da, son illər bu sektorda ciddi irəliləyiş müşahidə edilmir.

Belə ki, bu, həm ölkəyə gələn turistlərin sayında, həm də xərclərin azalmasında özünü göstərir.Bu ilin yanvar-aprel aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 696 milyon 666 min manat xərcləyib.

Rəsmi statistikaya görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9 % azdır. Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub.

Belə ki, turistlər 4 ay ərzində nəqliyyata 317 milyon 866 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,1 % azalıb.

Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32,5 % azalaraq 126 milyon 142 min manat təşkil edib.Turistlər qidalanmaya 131 milyon 491 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 19,3 % azalıb. Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 18,7 % azalaraq 3 milyon 969 min manat olub. 

Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 9,4 % azalaraq 204 milyon 677 min manat təşkil edib.

Türkiyədən gələn turistlərin xərcləri 97 milyon 049 min manat olub ki, bu da illik müqayisədə 3% artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 39 milyon 999 min manata düşüb. 

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Məlumata görə, gələnlərin 26,7 %-i Rusiya, 22,4 %-i Türkiyə, 8,7 %-i İran, 5,3 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 3,0 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,2 %-i Çin, 2,1 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,4 %-i İsrail, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 70,9 %-ini kişilər, 29,1 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 % artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 % artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 % azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 % azalaraq 289,3 min nəfər təşkil edib. 

Statistik rəqəmlərdən də göründüyü kimi turizmlə bağlı ökəyə valyuta axını azalıb. Hazırda bu sektorun inkişaf etməməsinin bir neçə səbəbi var və bunun həlli isə ilk növbədə müvafiq qurumlardan asılıdır.

Bəs ölkəyə gələn turistlər niyə vəsait xərcləmir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a bildirib ki, ölkədə ucuzlaşma müşahidə edilmir və inflyasiyanın səviyyəsinə baxdıqda, yanvar-aprel ayları üçün ölkədə orta aylıq inflyasiya 5,6 faizdir:

“Turistlərin xərclərinin sayının azalması ilk növbədə gələn turistlərin sayının azalmasıdır. Bu ilin yanvar-aprel aylarında ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz az xarici gəlib və ən böyük səbəb budur.

İkinci məqam turistlərin strukturu, hansı ölkələrdən gəlməsi ilə bağlıdır. Xüsusən də ilin ilk dörd ayında Şərqdən gələn turistlərin, eləcə də Avropadan biznes qurumlarından gələn turistlərin sayında dəyişiklik müşahidə edilir. 

Avropadan gələn turistlərin sayı 17,1 %, MDB ölkələrindən gələnlərin sayı 3,5 %  artıb, körfəz ölkələrindən gələnlərin sayı 27,8 % azalıb. 

Qeyd edək ki, Avropa və körfəz ölkələrinin turistləri daha çox vəsait xərcləyən turistlərdir. Eyni zamanda turistlərin ölkədə qalma müddəti də qısalıb. İnflyasiyanın özü xərcləmələrə mənfi təsir göstərir. 

Qiymət baha olduğuna görə daha az xərcləyiblər”. Göründüyü kimi ölkədə bahalıq davam etdikcə və gələn turistlərin sayında artım mşahidə edilmədikcə, bu sektordan valyuta axınında müsbət nəticə əldə edilməyəcək.  

Nigar Abdullayeva
“Cebheinfo.az”