“OPEC+” neft hasilatının yenidən azaldılmasını müzakirə edir

“OPEC+” neft hasilatının yenidən azaldılmasını müzakirə edir

“OPEC+” ölkələri qlobal neft hasilatının yenidən azaldılması imkanlarını müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Söhbət gündəlik 1-2 milyon barel azalmadan gedir.

“The Wall Street Journal”ın məlumatına görə isə neft hasilatının gündəlik 1 milyon barel azaldılması müzakirə olunur. Doğrudur, bununla bağlı razılaşmaların əldə edilməsinə zəmanət yoxdur və bu fikir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) daxilində müqavimətlə qarşılaşır.

Qeyd edilib ki, dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı hasilatın azaldılmasının tərəfdarıdır. Amma Afrikanın ən böyük neft istehsalçıları – Nigeriya və Anqola hasilatla bağlı fərdi kvotalarının azaldılmasına qarşı çıxır. Bu ölkələr hesab edir ki, OPEC neft hasilatına dair imkanlarını həddindən artıq qiymətləndirir. Birləşmiş Ərəb Əmirliklərinin də “qara qızıl” hasilatının azaldılmasına isti yanaşmadığı bildirilib.

Xatırladaq ki, 2024-cü il üçün neft hasilatının azaldılması parametrləri ilə bağlı qərar noyabrın 30-da keçiriləcək videokonfransda qəbul edilməlidir.

Cebhe.info