Pambıq qazancın yolunu kəsib

Pambıq qazancın yolunu kəsib

İmişli rayonunda pambıq tarlalarında məhsul əsasən maşınlarla yığılacaq.

Bu barədə İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib.

Məlumata görə, bu il rayonda 7 033,7 hektar sahədə pambıq əkilib.

Həmçinin yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 28 maşın iştirak edəcək.

Bununla yanaşı, 53 traktor və 114 yedəkli lafetdən də istifadə olunacaq.

Hazırda pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri aparılır.

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev "Cebheinfo.az"-a deyib ki, pambıq yığımı bəzi sahələrdə hələ əl əməyi hesabına aparılır:

"Ölkəmizdə dövlətin diqqətində olan aqrar sahələrdən biri də pambıqçılıqdır. Pambıq xüsusi ilə 2016- cı ildən başlayaraq dövlət tərəfindən xüsusi diqqətə alınaraq Aran bölgələrində kütləvi pambıq əkildi. Lakin bu sahədə müəyyən problemlər ortaya çıxdı. 

Belə ki, pambıq əkib becərmək xeyli vəsait tələb edir. Pambıq digər bitkilərdən fərqli olaraq daha çox su istəyir. Üstəlik dövlətin də o zamanlar indiki, yeni müasir standartlara cavab verən texnikaları çox deyildi. Məhz bu səbəbdən pambıq sahəsi iflasa düçar olmuşdu. Hətta toplanan pambığı anbar sayı az olduğundan depolamaq belə olmurdu. Amma hazırda bu problemlər aradan qaldırılıb".

İqtisadçı hesab edir ki, pambıq sahəsinə ayrılan dəstək digər sahələrə də ayrılmalıdır:

"Ölkəmizdə adətən bir sahəyə diqqət ayrılır. Digər sahələrə yetərincə diqqət ayrılmalıdığı üçün o sahə deqradasiyaya uğrayır. Məsələn, pambıqdan ildə 300-400 milyon dollar xalis mənfəət əldə olunursa, digər kənd təsərrüfatı sahələri pambıq əkilmədən öncə 1-2 milyard dollar arası xalis gəlir gətirirdi. Buna görə də tək pambığa deyil, kənd təsərrüfatının digər sahələrinə də diqqət göstərilməlidir".

O qeyd edib ki, aqrotexnikaların qiyməti daha əlçatan olmalıdır:

"Yeni kənd təsərrüfatı texnikalarının  qiyməti çox bahadır. Bu səbəbdən kənd təsərrüfatı texnikalarını dahq çox fermerlər lizinqlə alırlar. Lakin bu yenə də əlçatan deyil. Kredit və lizinq şərtləri daha əlçatan olmalıdır. Kəndlərdə demək olar ki, bütün sakinlərin torpağı var, lakin onu əkib becərmək üçün  aqrotexnikalar baha olduğundan  ala bilmirlər. Hətta bəzi kəndlərdə hələ də sovetlərdən qalma texnikalardan istifadə edilir".

Həsən Məmmədov 
"Cebheinfo.az"